“Bahçəşəhər Kolleci”nin baş məşqçisi: “Sabah” sürpriz komanda olmadığını oynadığı basketbolla göstərdi” - EKSKLÜZİV MÜSAHİBƏ - VİDEO

Müsahibə
13 Oktyabr 2023 13:38
393
“Bahçəşəhər Kolleci”nin baş məşqçisi: “Sabah” sürpriz komanda olmadığını oynadığı basketbolla göstərdi” - EKSKLÜZİV MÜSAHİBƏ - VİDEO

“Sabah” basketbol klubunun FİBA Avropa kubokunda rəqibi olan Türkiyənin “Bahçəşəhər Kolleci”nin baş məşqçisi Sinan Atalayın İdman.biz saytına eksklüziv müsahibəsi

- Avropa kubokunun müntəzəm mərhələsində rəqiblərinizdən biri Azərbaycanın “Sabah” klubu olacaq. Komandamız haqqında hansı məlumatlarınız var?

- “Sabah”ın ötən mövsüm Azərbaycan Basketbol Liqasında müntəzəm yarışı və pley-offları lider olaraq tamamladığını bilirəm. Avrokubokda ilk mövsümləri olduğundan da məlumatlıyam.

- “Sabah”ın debütdə ilk mərhələni lider kimi keçib, əsas qrup mərhələsinə yüksələcəyini gözləyirdiz? Yoxsa bu sizin üçün sürpriz oldu?

- İlk mərhələdən qruplara düşmək çətin bir işdir. Mövsümün əvvəlində komandalar adətən hazır olmurlar. “Sabah” izlədiyimiz qədərilə digər klublarla müqayisədə daha formada idi. Məncə, onlar qrupa vəsiqə qazanmaqlarının sürpriz olmadığını oynadığı basketbolla göstərdilər.

- “Sabah” klubunda ən çox hansı basketbolçular diqqətinizi çəkdi?

- “Sabah” ümumilikdə komanda oyunu sərgiləməyi sevir. Müdafiəni də birlikdə etməyə çalışırlar. Amma izlədiyim 3 matçında Kivon Devenport, Pavle Marçinkoviç və Desmond Kembric ilk diqqətimi çəkən oyunçular oldu.

- “Sabah”ın çalışdırıcısı Boban Mitev bir zamanlar Türkiyədə işləyib. Onun haqqında fikirləriniz necədir və komandanı hansı yerlərə qədər apara bilər?

- O, bundan əvvəl ölkəmizdə bildiyim qədər köməkçi məşqçi kimi çalışıb. Özünü şəxsən tanımıram. Mitevlə işləyən dostlarımdan haqqında maraqlanmışam və yaxşı bir məşqçi olduğunu deyiblər. Bunu oynatdığı basketbolla göstərdi. Məncə, Azərbaycan klubunu yaxşı nöqtələrə yüksəldə bilər.

- Bəs qrupumuzda kimi favorit görürsüz?

- Biz bu turnirdə çempion olmuşuq. Mən həmin komandada köməkçi məşqçi idim. Avropa kubokunun qrup oyunları çox təhlükəli matçlar olur. Hər matçda sürpriz baş verə bilər. Qrupu dəyərləndirsək, hər matçda gözlənilməz nəticələr mümkündür. Hər oyun, hər səfər matçı çox çətin olur. Bu səbəbdən də bu komanda favoritdir deyə bir fikir söyləyə bilmirik. Əlbəttə ki, heyət keyfiyyətinə baxsaq, biz favoritlərdənik. Amma hər matçın da ayrı hekayəsi, ayrı ssenarisi olacağını düşünürəm.

- Azərbaycandakı oyuna Türkiyədən sizin azarkeşlərin gəlməsi gözlənilir?

- Bu məsələ haqqında məlumatlı deyiləm. Amma gəlsələr, bizi çox sevindirərlər. Çünki biz azarkeşlərimiz ilə bir ailə olmağa çalışırıq. Burdakı ilk matçımızda da bizi gözəl dəstəklədilər. Bakıya bizimlə bərabər gəlsələr, bizə əlavə güc qatacaqlar. İnşallah, onları sonunda sevindirə bilərik.

- Ölkəmizdə Türkiyə komandalarına, basketboluna maraq yüksəkdir, çox sevirlər. Azərbaycanlı basketbolsevərlərə nə demək istərdiniz?

- Bir mesajım var. Ümid edirəm ki, oktyabrın 25-də Azərbaycanda “Sabah”la matçda onlara gözəl bir basketbol oyunu bəxş edə biləcəyik. Basketbol azarkeş ilə gözəldir. Rəqib olsun, öz azarkeşin olsun, fərq etməz. Hamını oyuna gözləyirik.

Emin Ağa

İdman.biz