“FIBA basketbolun dünya üzrə idarəedici qurumu və federasiyamızın üzv olduğu beynəlxalq təşkilatdır. Basketbolun inkişafı və institusional əlaqələrin möhkəmləndirilməsi istiqamətində birgə fəaliyyətimiz zamanı müəyyən məsələlərə dair fikir ayrılıqları yarana bilər. Belə hallarda federasiyamız Azərbaycan basketbolunun hüquq və maraqlarını qorumaq üçün müvafiq hüquqi vasitələrə müraciət edə bilər”.
Bu sözlər Azərbaycan Basketbol Federasiyasının (ABF) Beynəlxalq Basketbol Federasiyasına (FIBA) qarşı İdman Arbitraj Məhkəməsində (CAS) iddia qaldırmasının səbəbləri ilə bağlı verilən rəsmi açıqlamada yer alıb.
Federasiya beynəlxalq qurumla yaranan fikir ayrılığının mahiyyətinə, hüquqi prosesin məqsədinə və işin məxfilik şərtlərinə diqqət çəkib.
“Sözügedən iş FIBA-nın əvvəlki qaydalarından hazırda qüvvədə olan qaydalarına keçid zamanı yaranmış mübahisənin həlli ilə bağlıdır. Məqsəd Azərbaycan basketbolunun maraqlarını qorumaqdır. Hüquqi proses davam etdiyindən və iş məxfi xarakter daşıdığından, hazırkı mərhələdə paylaşa biləcəyimiz məlumat yuxarıda qeyd olunanlarla məhdudlaşır”, - deyə klubdan sportify.az-a bildirib.
Qeyd edək ki, Azərbaycan Basketbol Federasiyasının FIBA-ya qarşı qaldırdığı iddia üzrə məhkəmə işinə 2026-cı il dekabrın 1-də İdman Arbitraj Məhkəməsində (CAS) baxılması nəzərdə tutulub.
