ABF-nin idman direktoru: “Sabah”ın “Trabzonspor” üzərində qələbəsi xüsusi əhəmiyyət daşıyır”

11 Noyabr 2026 14:56
34
ABF-nin idman direktoru: “Sabah”ın “Trabzonspor” üzərində qələbəsi xüsusi əhəmiyyət daşıyır”

“Qrup mərhələsinin püşkü atılanda “Sabah”ın çətin qrupa düşdüyü düşünülürdü. Lakin zaman komandanın xeyrinə işlədi. “Sabah” getdikcə daha yaxşı kollektivə çevrildi. Düşünürəm ki, klubun rəhbərliyi və məşqçilər heyəti düzgün addımlar atdı və çox yaxşı komanda formalaşdırdı”.

Bu fikirləri Azərbaycan Basketbol Federasiyasının (ABF) idman direktoru Turqay Zeytingöz “Sabah”ın FIBA Çempionlar Liqasında çıxışı barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycan çempionunun qrupda birinci yeri tutmaq şansı var.

“Komanda ikinci və ya üçüncü olsa belə, növbəti mərhələyə yüksəlmək imkanını qoruyur. Amma “Trabzonspor” üzərində qazanılan qələbə xüsusi əhəmiyyət daşıyır. Təmsilçimiz bu nəticə ilə Türkiyə klubu üzərində şəxsi oyunlarda üstünlük əldə etdi. Ümid edirəm ki, “Sabah” qalan iki matçını da qazanaraq qrupu birinci pillədə başa vuracaq. Xüsusilə səfərdə “Nanter 92” ilə oyunun nəticəsi vacib olacaq. Həmin qarşılaşmada da qalib gəlsələr, daha böyük hədəflərdən danışa bilərik. Arzu edirik ki, “Sabah” 1/8 finala qrup lideri kimi yüksəlsin. Hər halda, komandamızın qrupdan çıxmaq şansı kifayət qədər yüksəkdir. Ümid edirəm ki, bu uğuru davam etdirəcək və Azərbaycanın basketbol tarixində ilk dəfə bir təmsilçimiz Çempionlar Liqasının “Top-16” mərhələsində mübarizə aparacaq”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

ABF rəsmisi qrupdakı vəziyyətin kifayət qədər mürəkkəb olduğunu, bütün komandaların eyni qələbə sayına malik ola biləcəyini də diqqətə çatdırıb. Bu səbəbdən top fərqinin də mühüm rol oynayacağını bildirib.

İdman.Biz