Azərbaycan basketbol millisinin baş məşqçisi ilə yollar ayrıldı

4 Sentyabr 2026 10:15
118
Azərbaycan basketbol millisinin baş məşqçisi ilə yollar ayrıldı

Qadınlardan ibarət Azərbaycan milli basketbol komandasının baş məşqçisi Evren Alkaya vəzifəsindən ayrılıb.

İdman.Biz xəbər verir ki, Azərbaycan Basketbol Federasiyası ilə türkiyəli mütəxəssis arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatdırılıb.

2022-ci ildən federasiyada fəaliyyət göstərən Alkaya qadınlardan ibarət əsas milli komanda ilə yanaşı, U16, U18 və U20 qız yığmalarına da rəhbərlik edib. O, bu müddətdə 70-dən çox rəsmi FIBA qarşılaşmasında Azərbaycan komandalarının baş məşqçisi olub.

Evren Alkayanın rəhbərliyi altında U16 qızlardan ibarət Azərbaycan millisi 2023 və 2024-cü illərdə Avropa çempionatının C divizionunda ardıcıl iki dəfə çempion olub. U18 yığması isə 2024-cü ildə C divizionunda gümüş medal qazanıb.

Qeyd edək ki, Evren Alkaya fəaliyyəti dövründə gənc basketbolçuların inkişafına və onların əsas milli komandaya hazırlanmasına xüsusi diqqət ayırıb.

İdman.Biz