Bakıda, Sea Breeze Resort ərazisində keçiriləcək 3x3 basketbol turnirində Azərbaycan millisi və “Neftçi SOCAR” komandası mübarizə aparacaq.
İdman.Biz xəbər verir ki, 15-16 avqustda təşkil olunacaq yarışın ilk günündə Azərbaycan millisi təsnifat mərhələsində Ukrayna və Misirlə qarşılaşacaq.
Komandamız Bakı vaxtı ilə saat 10:00-da Ukrayna, 10:50-də isə Misirlə üz-üzə gələcək. Təsnifat mərhələsinin A qrupunda Azərbaycan, Ukrayna və Misir, B qrupunda isə Polşa, Paraqvay və Benin yer alıb.
“Neftçi SOCAR” əsas mərhələnin B qrupunda Çinin “Yanjing” və İspaniyanın “Arrasate Ointxe” komandaları ilə mübarizə aparacaq. Azərbaycan təmsilçisi saat 15:50-də “Arrasate Ointxe”, 17:40-da isə “Yanjing”lə qarşılaşacaq.
Əsas mərhələnin A qrupunda Niderland, Çexiya və “Warsaw”, C qrupunda Almaniya, Latviya və təsnifatın A qrupunun qalibi, D qrupunda isə Avstriya, “Madrid” və təsnifatın B qrupunun qalibi çıxış edəcək.
Turnirin həlledici görüşləri 16 avqustda keçiriləcək. 1/4 final mərhələsi saat 16:00-da başlayacaq. Yarımfinal qarşılaşmaları 18:10 və 18:40-da, final isə 19:40-da keçiriləcək. Saat 20:10-da mükafatlandırma mərasimi baş tutacaq.
Yarışa giriş sərbəstdir.
