"Bizim üçün kritik bir görüş idi. Çünki pley-off oğrunda mübarizədə əsas rəqiblərimizdən biri ilə qarşılaşırdıq".
İdman.biz xəbər verir ki, bunu "Xırdalan"ın baş məşqçisi Uğur Özdəmir deyib.
ABL-nın XI turunda "Sumqayıt"ı 100:90 hesabı ilə məğlub edən mütəxəssis bildirib ki, hücum xəttindən razı qalsa da, müdafiə ilə bağlı eyni sözləri deyə bilməz: "Matça yaxşı hazırlaşdığımızı düşünürəm. Amma bəzi məqamda oyunçularım lazımi performansı göstərə bilmədi. Rəqibin heyətində Leonar Dikson çox gözəl oyun sərgilədi. Bu, bizi bir az narahat edən məqam idi. Əlavə olaraq gedişatda 20 xallıq fərqin gətirdiyi rahatlıq da öz sözünü dedi. Rəqib bu məqamdan yaxşı istifadə edə bildi. Əks halda, sonda hesab fərqi daha böyük ola bilərdi".
Türkiyəli çalışdırıcı ardıcıl 3 xallıq atışlarala yadda qalan və sonda 21 xal qazanan Nəcəf Babayevin performansındadn da danışıb. Onun sözlərinə görə, 24 yaşlı basketbolçu onun etimadını doğruldub: "Bütün oyunçularıma güvənirəm. Nəcəf Babayevə ötən oyunda da startda şans vermişdim. Açığı, Nəcəf çox ekstra bir performans sərgilədi. Amma nə yalan deyim, bunu gözləyirdim. Belə davam etsə, parket üzərində olduğu dəqiqələri də avtomatik artmış olacaq. Çünki qarşıda bizi kubok oyunları da gözləyir. Orada daha çox yerli basketbolçulara ehtiyac olacaq. Babayevin belə oyunu buna görə də məni çox sevindirir. Ona təşəkkür edirəm".
Qeyd edək ki, "Xırdalan" XI turdan sonra 17 xalla ABL-da 5-ci pillədə yer alıb.
İdman.biz
