“Psixoloji baxımdan çətin keçən qrup mərhələsi oldu” - Basketbol millimizin kapitanının İDMAN.BİZ-ə AÇIQLAMASI

19 İyun 2026 15:26
102
“Psixoloji baxımdan çətin keçən qrup mərhələsi oldu” - Basketbol millimizin kapitanının İDMAN.BİZ-ə AÇIQLAMASI

“Mövsüm bitdikdən dərhal sonra belə toplanışa öyrəşməmişdik”.

Bu sözləri Bakı İdman Sarayında media nümayəndələri üçün təşkil edilən açıq-məşqdə Azərbaycanın basketbol millisinin kapitanı Amil Həmzəyev İdman.Biz-ə açıqlamasında deyib.

O bildirib ki, mövsüm başa çatdıqdan dərhal sonra milli komandanın toplanışına qoşulmaq onlar üçün fərqli təcrübə olub:

“Əvvəllər milli komanda məşqləri mövsümün ortasında keçirilirdi. Bu bizim üçün fərqli təcrübədir, amma düşünürəm ki, toplanışın olması yaxşıdır. Oyunçuların klublardakı çıxışlarına uyğun olaraq məşqlərin intensivliyi də tənzimlənib. Belarusa qarşı iki yoxlama oyunu keçirəcəyik. Rəqibimiz yaxşı komandadır, qarşılaşdığımız səviyyədə olan bir kollektivdir”.

Həmzəyev seçmə mərhələ ilə bağlı fikirlərini də bölüşüb. O qeyd edib ki, Şimali Makedoniya ilə səfər oyununa start vermək psixoloji baxımdan çətin olub:

“Qrupun favoriti ilə səfərdə oynamaq çətin idi. Lüksemburqa məğlub olsaq da, yaxşı oynadıq, İrlandiya ilə səfərdən qələbə ilə qayıtmağımız isə ümidlərimizi artırdı. Makedoniya ilə oyunumuz da yaxşı alındı. Qrupda son iki matçda qalib gələ bilərik və ikincilik şansımız davam edir”.

İdman.Biz