“Azərbaycanın oğlanlardan ibarət U-20 basketbol millisinin Avropa çempionatındakı rəqibləri çox çətindir”.
Bunu komandanın baş məşqçisi Anar Sarıyev deyib.
Mütəxəssis Tbilisidə başa çatan təlim-məşq toplanışı və turnirdəki rəqiblər barədə danışıb.
“Tbilisidəki toplanış barədə ümumi təəssüratlar yaxşıdır. Qısa müddətdə komandanı bir araya gətirdik və heyət güclü rəqiblərlə qarşılaşmalarda yaxşı oyun nümayiş etdirdi. Bakıya qayıtdıqdan sonra hazırlığı daha da gücləndirməliyik. Çünki Avropa çempionatında yer aldığımız qrup çox çətindir. Çalışacağıq ki, turnirdə layiqincə çıxış edək”, - deyə o, report.az-a açıqlamasında bildirib.
O, rəqiblərin təhlili prosesinin davam etdiyini söyləyib:
“Rəqib komandaların heyətləri təxminən 2-3 gün əvvəl açıqlanıb. Hazırda rəqib oyunçuları fərdi şəkildə təhlil edirik. Onların harada və necə çıxış etdiklərini araşdırırıq. Hesab edirəm ki, U-20 komandamız bu yarışda yaxşı çıxış etməlidir”.
Mütəxəssis yekun heyətin hələ müəyyənləşmədiyini vurğulayıb:
“Heyəti açıqlamamışıq. Bakıda məşqləri davam etdirəcəyik. Son məşqlərdən sonra turnir üçün 12 basketbolçunun adını elan edəcəyik”.
Qeyd edək ki, Anar Sarıyevin rəhbərlik etdiyi komanda toplanış çərçivəsində Gürcüstanın U-18 (86:64) və U-20 (75:69) yığmalarını məğlub edib. Komanda iyulun 10-19-da Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatının B divizionunda İsveç, İrlandiya, Şimali Makedoniya və Slovakiya seçmələri ilə mübarizə aparacaq.
