“Gəncə” klubu Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ikinci oyununda azarkeşlərini sevindirməyə çalışacaq. Bunu qərb təmsilçisinin baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
İdman.Biz xəbər verir ki, mütəxəssis “Sabah”a qarşı keçirdikləri yarımfinal mərhələsinin ilk matçı barədə danışıb.
“Sıx qrafikdən keçirik. Fiziki olaraq yorğunluğumuz artır. Bunlar bəhanə deyil. Oyunun ilk yarısında verilən tapşırıqları daha yaxşı yerinə yetirdiyimizi düşünürəm. Sahə içində atış faizinin aşağı olması ilə yanaşı oyun planından da uzaqlaşdıq. Rəqib də səviyyəli oyunçuları ilə daha yaxşı iş gördü. Nəticəyə bu məqam təsir etdi. Çatışmazlıqları qarşıdakı matç üçün aradan qaldırmağa çalışacağıq. Ən yaxşı şəkildə çıxış edib evdə azarkeşlərimizi sevindirməyə səy göstərəcəyik”, - deyə Halil Atlı söyləyib.
Qeyd edək ki, “Sabah” – “Gəncə” oyunu Bakı kollektivinin 96:67 hesablı üstünlüyü ilə bitib. Hazırda seriyada paytaxt təmsilçisi öndədir.
