Türkiyə Basketbol Federasiyasının prezidenti və Türkiyə milli komandasının keçmiş hücumçusu Hidayət Türkoğlu 2026-cı ildə FIBA Şöhrət Zalına daxil ediləcək.
İdman.Biz bildirir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Mərasim 21 apreldə Berlində keçiriləcək. Türkoğluna Syu Börd, Selin Dümerk, Klaris Maşanquana, Ludvik Menta-Mikolayeviç, Dirk Novitski, Van Çjiçji və İsmenia Poşar (ölümündən sonra) qoşulacaq. Türkoğlu FIBA Şöhrət Zalına daxil edilən ilk türk basketbolçusu olur.
Türkoğlu təxminən iyirmi il Türkiyə milli komandasında oynayıb və uğurlu NBA karyerasına sahib olub. 2008-ci ildə liqanın ən inkişaf edən oyunçusu seçilib və 2009-cu ildə “Orlando”nun NBA finalına çıxmasına kömək edib. Türkiyə milli komandası ilə 2001-ci il Avropa çempionatında və 2010-cu il dünya çempionatında gümüş medal qazanıb.
