Azərbaycan Basketbol Liqasının müntəzəm çempionat mərhələsinə yekun vurulub. “Şəki” ilə səfər qarşılaşmasından sonra “Gəncə” komandasının baş məşqçisi Halil Atlı komandasının çıxışı və qarşıdakı hədəflər barədə danışıb.
İdman.Biz klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, mütəxəssis ilk növbədə rəhbərliyi altında olan kollektivə təşəkkürünü bildirib. O, çempionatın əsas hissəsinin geridə qaldığını və artıq bütün diqqətin pley-off mərhələsinə yönələcəyini qeyd edib.
“Oyunçularıma və köməkçilərimə çəkdikləri zəhmətə görə təşəkkür edirəm. Pley-offa köklənəcəyik. Hər zaman olduğu kimi, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”, - deyə Atlı söyləyib.
Şəkidəki oyuna toxunan baş məşqçi matçın turnir cədvəli baxımından rəqib üçün əhəmiyyət kəsb etməməsinə baxmayaraq, meydanda sərt mübarizənin getdiyini vurğulayıb. Halil Atlı bəzi epizodlarda hakimlərin müdaxiləsinə rəğmən, yaşanan gərginliyin basketbol adına xoş görünmədiyini bildirib:
“Oyunda sərt mübarizələr izlədik. Düzdür, hakimlər epizodlara müdaxilə etdilər, amma bunlar basketbol adına gözəl görünmür. Buna görə məyusam. İdmançının sağlamlığı hər şeydən öndədir”.
Təcrübəli mütəxəssis sonda komandasını qələbə münasibətilə təbrik edib və azarkeşləri pley-off oyunlarında daha böyük dəstək nümayiş etdirməyə çağırıb. O, həlledici mərhələdə fanatların dəstəyinə ehtiyac duyduqlarını əlavə edib.
