“Oklahama-Siti Tander”in lideri Şey Gilces-Aleksander basketbol dünyasında inqilabi bir uğura imza atıb.
İdman.Biz xəbər verir ki, o, NBA-nın əfsanəvi siması Uilt Çemberlenə məxsus olan və 1963-cü ildən bəri toxunulmaz qalan rekordu təkrarlayıb. Şey ardıcıl 126-cı oyunda 20 və daha çox xal toplayaraq adını tarixin zirvəsinə yazdırıb.
“Denver Naqqets”lə gərgin qarşılaşmada Gilces-Aleksander vurduğu üçxallı zərbə ilə 20 xal həddini keçib. O, matçı ümumilikdə 35 xal və karyera rekordu olan 15 asistlə tamamlayaraq komandasına 129:126 hesablı qələbə qazandırıb.
Hazırda NBA tarixinin ən uzun 20+ xallıq seriyaları belədir:
1. Şey Gilces-Aleksander / Uilt Çemberlen - 126 oyun
2. Uilt Çemberlen - 92 oyun
3. Oskar Robertson - 79 oyun
4. Maykl Cordan / Kevin Dürant - 72 oyun
Şey Gilces-Aleksander təkbaşına mütləq rekordçu olmaq üçün martın 12-də “Boston Seltiks”lə keçiriləcək ev oyununu gözləyir. Əgər o, bu qarşılaşmada da 20 xal baryerini keçərsə, 127 oyunluq seriya ilə NBA tarixinin bu göstəricidə yeganə lideri olacaq.
