Rimas Kurtinaytis: “Ümid edirəm qələbəyə sevinmək növbəsi bizə də çatacaq”

Xəbərlər
30 Oktyabr 2025 11:46
59
Rimas Kurtinaytis: “Ümid edirəm qələbəyə sevinmək növbəsi bizə də çatacaq”

Rotasiya olmadan “Sabah” basketbol klubunun FIBA Çempionlar Liqasının əsas mərhələsinin matçlarında qələbə qazanması çətindir.

İdman.Biz xəbər verir ki, bunu komandanın baş məşqçisi Rimas Kurtinaytis deyib.

Təcrübəli mütəxəssis səfərdə Fransa təmsilçisi “Elan Şalon”a uduzduqları qarşılaşma (71:84) haqqında fikirlərini bölüşüb: “Səfərdə oynamaq həmişə çətindir. Çünki ev komandasının üstünlüyü olur. Yaxşı başlamasaq da, oyunun gedişində vəziyyəti düzəltməyi bacardıq. Lakin keçən dəfə dediklərimi təkrarlamaq məcburiyyətindəyəm. Rotasiya olmadan bu cür oyunlarda qələbə qazanmağımız çətin görünür. Ehtiyatda Endər Poladxanlı kimi hazır oyunçuya ehtiyacımız var. Dəyişiklik imkanlarımızın məhdudluğu 4-cü periodda aktivlik, aqressiv oyun baxımından uduzmağımıza səbəb olur”.

R.Kurtinaytisin sözlərinə görə, oyunçuların sona yaxın yorulması onlara lazım olan atışların qeyri-dəqiq yerinə yetirilməsi ilə nəticələnib: “Buna görə də oyunçulara hər hansı iradım yoxdur. Çünki hər biri oyunda var gücünü qoydu. Ümid edirəm qələbəyə sevinmək növbəsi bizə də çatacaq. Bu istiqamətdə işlər görülür. Amma bunun üçün vaxt lazımdır”.

Qeyd edək ki, “Sabah” əvvəlki iki görüşdə Çexiya təmsilçisi “Nimburk”a (65:93) və Almaniyanın “Alba” (76:85) komandalarına məğlub olub.

İdman.Biz