“Leykers”in hücumçusu Lebron Ceymsin sosial şəbəkədə verdiyi yeni anonsunun basketbolla heç bir əlaqəsi olmadığı üzə çıxıb.
Xatırladaq ki, Ceymsin sosial şəbəkədəki səhifəsində anonsun videosu yayılıb. Orada basketbolçu çəkiliş meydançasında stulda oturub. Bu mənzərə 2010-cu ildə televiziyada yayımlanan “Qərar” proqramını xatırladır.
“Bütün qərarların qərarı. 7 oktyabr. Sakit ocean vaxtı ilə 12:00 (Bakı vaxtı ilə 8 oktyabr 00:00)”, - basketbolçu videonun altında yazıb və “ikinci qərar” həştəqini əlavə edib.
2010-cu ildə Lebron Ceyms ESPN-in “Qərar” adlı xüsusi proqramında “Klivlend”dən “Mayami”yə keçidini elan edib. Bu hadisə NBA tarixində ən çox danışılan olaylardan birinə çevrilib.
Oktyabrın 7-də məlum olub ki, forvard eynilə “Bütün qərarların qərarı" anonsu kimi başlayan spirtli içki reklamında çəkilib. İdmançı özü videoya bir neçə emoji ilə cavab verərək, əvvəlki paylaşımı ilə qəsdən ictimaiyyətlə zarafat etdiyinə eyham vurub.