“Azərbaycan ilk dəfə “Junior International Series” kateqoriyasında badminton turnirinə ev sahibliyi edir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, “Azerbaijan Junior Open 2026” beynəlxalq turnirində qazanılan xallar dünya badminton reytinqinə daxil edilir”.
Bu sözləri İdman.Biz-ə açıqlamasında Azərbaycanın badminton millisinin baş məşqçisi Morteza Validarvi deyib.
Badminton millimizin baş məşqçisi vurğulayıb ki, “Azerbaijan Junior Open 2026”da iştirak edən 22 azərbaycanlı yeniyetmədən 13-ü qız, doqquzu oğlandır.
“Bizim bu gün “Azerbaijan Junior Open 2026” turnirin baş hakimi ilə söhbətimiz oldu. O, qeyd etdi ki, ilk beynəlxalq yarışa ev sahibliyi edən ölkənin dünyanın ən güclü doqquz badminton ölkəsini bir araya gətirməsi yüksək qiymətləndirilməlidir. Bu, bir daha onu göstərir ki, Azərbaycanda badminton idmanına münasibət yüksək səviyyədədir. Biz də öz növbəmizdə gələcəyə böyük ümidlərlə baxırıq” - deyə Morteza Validarvi bildirdi.
Morteza Validarvi Azərbaycan badmintonçularının bu yarışdakı prespektivlərini də qiymətləndirib:
“Bizim badmintonçularımız bu gün qarışıq qoşa yarışlarında Gürcüstan və türkiyəli rəqibləri üzərində qələbə qazandılar. Sabahda etibarən 1/4 final oyunlarına start veriləcək. Ümid edirik ki, idmançılarımız finala qədər irəliləyərək yarışın son günündə Azərbaycanın bayrağını ucalara qaldıracaqlar”.
