“İmişli”nin baş məşqçisi Jorj Kaşkilya Azərbaycan Premyer Liqasının 20-ci turunda qarşılaşdıqları “Qarabağ”a məğlub olduqları matçda (0:1) heç-heçənin daha ədalətli nəticə olacağını düşünür.
İdman.Biz bildirir ki, məşqçi bunu oyundan sonra mətbuat konfransında bildirib.
O, komandasının oyunundan razı qaldığını söyləyib.
“Çox gərgin və prinsipial mübarizə şəraitində keçən oyun izlədik. Hər iki komanda qələbə qazanmaq istəyirdi. “İmişli” bu gün taktiki baxımdan intizamlı və planlı oyun sərgilədi. Xüsusilə “Qarabağ”ın hücum xəttinə qarşı müdafiədə düzgün mövqe seçimi ilə rəqibin sürətli hücumlarının qarşısını ala bildik. İlk hissədə cinah və ön xətt oyunçularını nəzarətdə saxlamağı bacardıq. Düşünürəm ki, oyunun ümumi axarına baxdıqda heç-heçə daha ədalətli nəticə olardı.
Təəssüf ki, ikinci hissədə standart vəziyyətdən sonra birəbir mübarizədə diqqətsizlik yaşandı və rəqib bundan maksimum yararlanaraq həlledici qolu vurdu. Bu cür oyunlarda xırda detallar nəticəni müəyyənləşdirir. Bununla belə, komandamın oyunundan razı qaldım. Futbolçular sona qədər mübarizə apardılar”, - Kaşkilya bildirib.
