“Maraqlı oyun alındı, hər iki komanda qələbə qazanmaq uğrunda mübarizə aparırdı. Bəxt və şans rəqib tərəfdə idi”.
İdman.biz xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu deyib.
Rumıniyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XI turunda "Sabah"a 0:1 hesablı məlubiyyəti şərh edib. O, heç-heçə ilə razılaşmadıqlarını və sonadək mübarizə apardıqlarını bildirib: “"Sabah"la ilk matçla müqayisədə komanda bu gün yaxşı oynadı. Fərdi səhvlər komandanı arxaya çəkilməyə vadar edirdi. İkinci hissədə hər iki komanda bir-birinə qarşı amansız mübarizə aparırdı. Qələbə qazanmaq istəyi sona qədər var idi. Çünki, heç-heçə ilə razılaşmaq istəmirdik. Bu, futboldur, belə hallar baş verir. Rəqib son saniyələrdə qol vurub qələbə qazandı. Bu gün bəxt "Sabah"ın tərəfində idi”.
Adrian Mutu start heyətində fərqli futbolçulara şans verməsini özünəməxsus şəkildə cavab verib: “Əlimdə 20 oyunçu var. Start heyəti müəyyənləşdirmək üçün həftə ərzində oyunçulara baxıram. Kim yaxşı formadadırsa, onu meydana buraxıram. Alleqri "Yuventus"da 100-dən çox fərqli heyət buraxıb, "Fiorentina"nın baş məşqçisi 85 fərqli "11-lik"lə oynayıb”.
İdman.biz