Şəhriyar Əliyev: “Bizim klubda hər kəs kapitandır” - MÜSAHİBƏ

Müsahibə
19 Sentyabr 2023 12:51
120
Şəhriyar Əliyev: “Bizim klubda hər kəs kapitandır” - MÜSAHİBƏ

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyevin İdman.biz saytına müsahibəsi

- Azərbaycan Premyer Liqasının hesabat turunda "Qəbələ" ilə görüşdə 2:0 hesabı ilə öndə olsaz da, məğlub olduz. Bunu nə ilə əlaqələndirərdiz?

- "Qəbələ" ilə oyunu analiz etmişdik, bilirdik onlara xal lazımdır, çünki rəqib sonuncu pillədən qurtulmaq istəyirdi. Hər iki komanda meydanda 3 xal üçün çıxmışdı, döyüşkən futbol nümayiş etdirirdi. Hesabda 2:0 öndə idik, oyunun gedişində nəsə baş verdi kontrolu itirdik, bəlkə də rahatlıq hiss etdik. Lakin deyərdim ki, "Qəbələ" də yaxşı rəqibdir, sona qədər mübarizə apardılar, mən rəqibin qapıçısı Rəşad Əzizlini qeyd edərdim, çox yaxşı oynadı, komandasını real qollardan xilas etdi. Düzdür, 1 xal qazandıq, pis nəticə deyil, amma evdə azarkeşlərimizi sevindirmək istəyirdik. Artıq bu oyunu yaddan çıxarıb növbəti oyunlara hazırlaşırıq.

- "Turan" hazırda turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Təsadüfidirmi?

- Biz hər oyuna xal və xallar qazanmaq üçün çıxırıq. Qalib gələ bilmədiyimiz oyunlara ən azı heç-heçə etməyi düşünürük. Mövsüm təzə başlayıb, hər komanda xal qazanmaq istəyir, çempionatda ciddi rəqabət var. "Araz-Naxçıvan", "Səbail" və digər komandalar fürsətlər qazanmaq istəyir. Biz də bu məqsədlə oyuna çıxırıq, lakin qarşımıza sırf məqsəd qoyulmayıb ki, 2 və ya 3-cü yerləri tutaq, amma futbolçu olaraq məsuliyyəti dərk edirik ki, komandaya xeyir verməliyik. Ona görə mübarizə aparıb xallar qazanıb azarkeşlərimizi sevindirmək istəyirik.

- Ağlınızdan medalçılar sırasına düşmək keçir?

- Real danışmaq lazımdır, digər komandaları götürsək, "Neftçi", "Zirə", "Sabah" kimi klubların heyətləri daha genişdir. Amma biz də əlimizi yanımıza salıb oyunlara çıxmırıq, var gücümüzü ortaya qoyub yuxarı pillələrdə yer almaq istəyirik.

- Hazırkı pilləni qoruyub saxlamaq nə qədər mümkün olacaq?

- Rəqiblər güclüdür, hər kəs indiki durumda yuxarı yerdə qərarlaşmaq istəyir. Gərgin mübarizə gedir, mövsüm maraqlıdır, sürpriz dolu oyunlar qarşıdadır. Bu mövsüm bütün klublar biri-birindən xal ala bilir. Təbii ki, yerimizi qorumağa çalışırıq, amma vəziyyəti gələcəkdə daha dəqiq görəcəyik.

- Kapitan kimi komandanı arxanca aparmaq çox çətindir?

- Tək kapitan kimi yox, futbolçu kimi elə bir kollektivdə mübarizə aparırıq ki, hər kəs ailə prinsipi qoruyur. Hər birimiz komanda üçün çalışır, can qoyuruq. Bizim klubda hər kəs kapitandır, çünki hər kəs dəyərlərə hörmət edir. Mən də kapitan sarğısını daşıyan biri kimi çalışıram ki, komandamı layiqincə təmsil edim.

- Kapitan kimi hansı ərköyün futbolçuların adını çəkə bilərsən?

- Deməzdim ərköyün futbolçu var, dediyim kimi ailəyik. Bu günə qədər neçə klubda oynamışam, hələ belə mehriban kollektiv görməmişəm. Elə futbolçu olar ki, güclü olar, amma xarakteri olmaz, eləsi də olar tam əksinə. Bizdə xaraktersiz ərköyün futbolçu yoxdur. Oyun zamanı bir nəfər hansısa səhvi etsə həmən komanda yoldaşlarından biri sığortalamağa çalışır.

- Növbəti tur "Sumqayıt"la səfər matçı var. Qarşılaşmadan gözləntiniz nədir?

- "Sumqayıt"da son tur məğlub oldu, ona görə onlar da meydana qələbə üçün çıxacaq. Biz də son görüşdə xal itirdiyimizə görə 3 xala köklənmişik. Hazırlıqlara başlamışıq, çətin səfər oyunu gözləyir, düşünürəm ki, olduqca maraqlı qarşılaşma olacaq.

- Sənin mövqeyində milli komandaya seçim demək olar ki, yoxdur. Oktyabrda yığmaya dəvət alacağını gözləyirsən?

- Hər kəs millidə oynamaq istəyir, o formanı geyinmək hər bir Azərbaycanlı futbolçunun arzusudur. Hazırda klubum üçün çalışıram, oynayıb xeyir vermək istəyirəm. İşim çempionatda oynamaq, öz mövqeyimdə lider olmaqdır. De Byazi də bunları görüb dəvət etsə can-başla millidə oynamağa hazıram.

- De Byazi səni niyə heyətdə görmək istəmir? Bəlkə probleminiz var...

- Heç bir problemimiz yoxdur, hər şey qaydasındadır, oyunlarda görürəm, ciddi problem görmürəm. Mən formada qalmağa çalışıram, özümü yaxşı tərəfdən göstərmək istəyirəm. Deməzdim ki, məni görmək istəmir, məncə, elə bir şey yoxdur.

- Bu ilin sonu mili komanda ilə müqaviləsi bitir. Sən millidə hansı məşqçini görmək istəyərsən?

- Bu qərarı AFFA verir, amma istəyirəm ki, millimiz uğur qazansın. Hər bir azərbaycanlı bunu istəyir, çünki formada 3 rəngli bayrağımız var. Çox arzulayıram ki, millimiz irəlidə olsun, komandanı irəli aparan məşqçi olsun. Mən bu hissləri sizə sözlə deyə bilmirəm, himn səslənəndə adamın ürəyindən elə bir hiss keçir ki, onu ifadə edə bilmirəm, möhtəşəm hisslərdir.

Ağa Dadaşzadə

İdman.biz