“Sumqayıt”ın baş məşqçisi Filipe Kandido Misli Premyer Liqasının yeddinci turunda “Qəbələ” üzərində qazanılan 4:1 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının qələbəni haqq etdiyini bildirib:
“Hesab da aydın göstərir ki, biz bu gün qələbəni tam haqq etdik. Komandam matça ilk dəqiqələrdən çox yaxşı başladı, hücumda imkanlar yaratdıq və erkən qollar vurduq. 2:0 hesablı üstünlükdən sonra rəqib fərqi azaltsa da, dərhal reaksiya verərək üçüncü qolu vurduq. İlk yarıda oyuna tam nəzarət edərək fasiləyə 3:1 hesablı üstünlüklə yollandıq.
Açığı, ikinci hissədəki oyunumuz o qədər də xoşuma gəlmədi. Futbolçular uzun müddətdir qələbə qazanmırdılar, ona görə də hesabı qorumaq üçün istər-istəməz müdafiəyə çəkildilər. Lakin dördüncü qolu vuraraq matçı rahat bitirdik. Milli komandaların oyunları üçün yaranan fasilədə 15 gün ərzində çox ağır və gərgin məşq prosesi keçmişdik. Qələbəyə görə həm özüm, həm də əziyyəti keçən futbolçularım adına çox şadam”.
Kandido Nihad Əhmədzadənin daha əvvəl əvəzedici heyətə göndərilməsinin klubdaxili intizam qərarı olduğunu açıqlayıb:
“Nihad Əhmədzadənin ikinci komandaya göndərilməsi klubun daxili intizam qərarı idi. Portuqaliyada bu, adi təcrübədir: gənc futbolçular oyun təcrübəsi qazanmaları və formalarını bərpa etmələri üçün ikinci komandaya göndərilirlər. Bu gün Nihad əsas heyətə qayıtdı və oynamaq şansı qazandı”.
Portuqaliyalı mütəxəssis ölkəsinin millisində Kriştianu Ronaldu ətrafında yaranan müzakirələrə də münasibət bildirib:
“Ronaldu ilə bağlı vəziyyət hazırda Portuqaliya mediasında ən çox müzakirə olunan mövzudur. Amma bu sual mənə ünvanlanmalı deyil. Əsas odur ki, millimiz Ronaldu olmadan da dörd qələbə qazanıb. O, dünyanın ən yaxşı futbolçularından biridir, amma futbolda hər şey baş verə bilər”.
Baş məşqçi komandasının oyununda irəliləyiş gördüyünü də vurğulayıb:
“Komandamız hər matçda daha keyfiyyətli futbol göstərir, amma hədəflədiyim ideal səviyyədən hələ uzağıq. Azərbaycanda daha böyük büdcəyə malik dörd iddialı klub var, qalan komandalar isə təxminən eyni səviyyədədir. Cümə gününə qədər vaxtımız azdır. Dərhal bərpa olunmalı və növbəti oyuna hazırlaşmalıyıq”.
