İngiltərənin “Arsenal” futbol klubunun sabiq kapitanı, vaxtilə “Qəbələ” komandasını çalışdıran Toni Adams alkoqol asılılığından necə qurtulduğunu danışıb.
İdman.Biz xəbər verir ki, şənbə günü 60 yaşı tamam olan mütəxəssis 30 ildir spirtli içki qəbul etmir və 1996-cı il avqustun 16-da içkini tərgidib.
Adamsın sözlərinə görə, dönüş nöqtəsi 1996-cı il Avropa çempionatı olub. İngiltərə millisi yarımfinalda Almaniyaya uduzandan sonra komandanın kapitanı 44 gün dalbadal içib. Bundan sonra o, Anonim Alkoqoliklər cəmiyyətinə müraciət edib və ilk üç ayda 90 görüşdə iştirak edib.

“Mənim problemim alkoqolla yox, özümlə idi”, - deyə Adams bildirib.
Sabiq müdafiəçi karyerası ərzində bəzi oyunlara sərxoş vəziyyətdə çıxdığını da etiraf edib. 1990-cı ildə o, sərxoş halda avtomobil qəzası törədib, dörd ay həbs cəzası alıb və 57 gün həbsxanada qalıb.
Adams peşəkar karyerasını bütünlüklə “Arsenal”da keçirib. O, klubun heyətində 669 rəsmi oyuna çıxıb, dörd dəfə İngiltərə çempionu olub, üç dəfə İngiltərə Kubokunu, iki dəfə Liqa Kubokunu, 1994-cü ildə isə Kubok Sahibləri Kubokunu qazanıb. Müdafiəçi İngiltərə millisində 66 oyun keçirib.

Futbolçu karyerasını 2002-ci ildə bitirən Adams sonradan İngiltərənin “Uikomb” və “Portsmut”, İspaniyanın “Qranada” klublarında məşqçilik edib. O, 2000-ci ildə asılılıqdan əziyyət çəkən idmançılara kömək edən “Sporting Chance” təşkilatını yaradıb.
Adams 2010-cu ilin mayında “Qəbələ”nin baş məşqçisi təyin olunub və 2011-ci ilin noyabrınadək bu vəzifədə çalışıb. Onun rəhbərliyi ilə komanda 44 oyun keçirib: 17 qələbə qazanıb, 15 dəfə heç-heçə edib, 12 dəfə uduzub. “Qəbələ” ilk mövsümdə Azərbaycan Premyer Liqasında yeddinci yeri tutub. Mütəxəssis ailə səbəbləri ilə istefa verib, növbəti il isə qısa müddətə idman direktoru kimi Azərbaycana qayıdıb.
Adams müasir futbolda alkoqolun yerini mərc oyunlarına aludəçiliyin tutduğunu deyib və bunu epidemiya adlandırıb.

