Bojoviç jurnalistə: “Bununla sizin həyatınızda nə dəyişəcək?”

Xəbərlər
2 Aprel 2024 23:14
569
Bojoviç jurnalistə: “Bununla sizin həyatınızda nə dəyişəcək?”

“İlk qolu çox tez buraxdıq. Bundan sonra yenidən oyuna qayıtmaq çox çətindir”.

İdman.biz xəbər verir ki, Azərbaycan kubokunun yarımfinalının ilk matçında uduzan “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç deyib.

Monteneqrolu mütəxəssis “Qarabağ”a 0:4 hesablı məğlubiyyəti şərh edib: “Hesabı bərabərləşdirmək istəyirdik. Təəssüf ki, bacarmadıq. "Qarabağ"dan daha iki qol buraxdıq. Ondan sonra oynamaq çətin idi. İkinci hissə daha yaxşı oynadıq. Bu da anlaşılandır, çünki "Qarabağ" üç qol vurmuşdu, daha rahat oynadılar. Burada iki ayyarımdır ki, fəaliyyət göstərirəm. Azarkeşlərlə hansı problem olduğunu bilmirəm. Bu sual mənə deyil. Azarkeşlər olduğu halda, komanda daha yaxşı rahat oynaya bilərdi. Fakt odur ki, biz özümüzü sanki "Qarabağ"ın stadionunda hiss edirdik".

“Neftçi”nin baş məşqçisi təyinatından sonra komandanın oyununda irəliləyiş olmaması ilə bağlı suala sərt cavab verib: “Niyə belə həyəcanlısız? Bundan məmnunsuz? Sanki uduzduğumuza görə məmnunsuz. Bizim məğlubiyyətimizə görə həyatınızda heç nə dəyişməyəcək. Komandaya rəhbərlik edən şəxslər var. Onlar qərar verəcək. İndi ikinci pillədəyik. Son üç oyunda 7 xal qazanmışıq. Bəli, bu gün uduzduq. Amma heç nə deyə bilmərəm”.

Bojoviçin “Çemodanınız hazırdı?” sualına cavabı isə belə olub: “Sizin üçün nə fərqi? Bununla sizin həyatınızda nə dəyişəcək? Mənim öz həyatım var. Rəhbərlik qərar versə, işdən çıxaracaqlar. Siz isə, eyni şəkildə kiçik jurnalist kimi qalacaqsız”.

Qeyd edək ki, 0:4 hesabı ilə uduzan “Neftçi”nin kuboku qazanmaq şansı minimuma enib.

İdman.biz