“Sabah”ın baş məşqçisi: “Mövsümü 2-ci yerdə də bitirə bilərik, 4-cü yerdə də”

Xəbərlər
30 Mart 2024 22:42
254
“Sabah”ın baş məşqçisi: “Mövsümü 2-ci yerdə də bitirə bilərik, 4-cü yerdə də”

"Belə oyundan sonra nəticədən danışmaq çətindir”.

İdman.biz xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXVIII turunda “Sabah” 0:1 hesablı məğlubiyyəti şərh edib:

“Futbolçularımı təbrik edirəm. Nəticə yox, onların göstərdiyi mübarizədən razı qaldım. Oyunun əvvəlində nəzarət bizim tərəfimizdə idi. "Zirə"nin çox yaxşı komanda olduğunu bilirdik. Standart vəziyyətdə kiçik səhv etdik və qolla nəticələndi. Bu, futboldur. Belə hallar baş verə bilər. Sona qədər təslim olmadıq. Rəqibi də təbrik edirəm. Qələbəyə layiq idilər. Hələ heç nə həll olunmayıb. Qarşıda 8 tur var. Hər həftə hər şey dəyişə bilər. 5-6 komanda bir-birinə yaxındır. Bir qələbə ilə daha irəli gedə bilərik. Mövsümü 2-ci yerdə də bitirə bilərik, 4-cü yerdə də.

“Sabah”ın baş məşqçisi komandanın 2-ci yeri tutmaq şansları olduğunu bildirib: “Bir oyun heç nəyi həll etmir. Bura gələndə inanırdım ki, bizim oyunçuların mövsümü 2-ci yerdə bitirmək üçün keyfiyyəti var. Burada olduğum müddətdə keçirdiyimiz 3 oyundan ən yaxşısı bugünkü matç idi. Əvvəlki matçların ikinci hissəsində oyundan düşmüşdük. Bu gün isə 90 dəqiqə oynadıq. Amma belə oyunlarda qol vurmalısan. Futbolçuların mübarizəsindən, döyüşməklərindən razıyam. Futbol belədir, bəzən yaxşı oynasan da, qələbə qazana bilmirsən”.

Qeyd edək ki, 40 xal toplayan “Sabah” 4-cü pillədə qərarlaşıb.

İdman.biz