Samir Əliyev: “Bu səviyyədə rəqiblə oynamaq bizim üçün hələ tezdir”

Xəbərlər
22 Mart 2024 18:48
216
Samir Əliyev: “Bu səviyyədə rəqiblə oynamaq bizim üçün hələ tezdir”

“Güclü rəqibə qarşı oynadıq. Bu səviyyədə rəqiblə qarşılaşmışdıq”.

İdman.biz xəbər verir ki, bunu 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi Samir Əliyev deyib.

İngiltərə komandasına 1:5 hesabı ilə uduzan millinin çalışdırıcısı rəqibin keyfiyyətlərini vurğulayıb: “Fərdi keyfiyyətləri yüksək olan futbolçulara qarşı oynayırdıq. Uşaqlardan heç bir narazılığımız yoxdur. Əllərindən gələni etdilər. Təəssüf ki, böyükhesablı məğlubiyyətə uğradıq. Daha inamlı, aqressiv oynaya bilərdik. Amma görünən odur ki, bu səviyyədə rəqiblə oynamaq bizim üçün hələ tezdir. Yaxşı uşaqlar var. İnanırıq ki, 3-4 nəfər əsas milliyə gedəcək. Oynadıqca yaxşı futbolçu ola bilərlər”.

Samir Əliyev yığmada təcrübəsizliyin rol oynadığı bildirib: “Təcrübə çatmır. Futbolçular Premyer Liqada oynamır. Hücumda Ağadadaş Salyanski oynayırdı. Cinahlarda isə Nəriman Axundzadə ilə Camal Cəfərov. Camal nə əvəzedici komandada oynayır, nə də Premyer Liqada. Ümidimiz Nərimana idi ki, nəsə edər. O da hələ bu səviyyədə tam bilməyib. Üzərində çox işləməlidir. İlk hissədə gücümüz, enerjimiz var idi. Nəyimiz varsa, qoyduq. Qol vəziyyətləri də yaratdıq. Problemlərdən danışmaq istəmirəm. Ən yaxşıları dəvət etmişik. Oynamayanlar əvəzedici heyətdə oynayanlardan yaxşıdır. 5 futbolçu sayın ki, Premyer Liqada oynayır. Bu səviyyədə rəqibə qarşı başa-baş oynamaq çətindir”.

U-21-in baş məşqçisi Ukrayna yığması ilə oyun barəsində də danışıb. O, güclü rəqibə qarşı oynayacaqlarını deyib: “Onlara qarşı bir oyun oynamışıq. Ukrayna tam fərqli komandadır. Kollektiv futbol oynayırlar. Qısa vaxt ərzində bu oyunu unudub tez bərpa olmalıyıq. Hələ 3 günümüz var. Belə oyunlar bizə lazımdır. Hər kəs görsün ki, vəziyyət nə yerdədir. İngiltərə son Avropa çempionudur. Amma oynamaq lazımdır. Təcrübəni belə matçlarda toplayırsan”.

Qeyd edək ki, Azərbaycan yığması öz meydanında 1:5 hesabı ilə uduzub.

İdman.biz