Misli Premyer Liqasının 11-ci turunda “Neftçi” ilə matçdan sonra istirahətə buraxılan “Kəpəz”in futbolçuları bu gün yenidən bir araya gəliblər.
İdman.Biz xəbər verir ki, baş məşqçi Azər Məmmədovun rəhbərliyi altında keçirilən məşqdə altı futbolçu iştirak etməyib.
Namik Ələskərov Azərbaycan millisinin, Viktor Stina Moldova yığmasının, Şahnur İsmayılov isə Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının düşərgəsindədir.
David Domqjoni və Azuma Abubakar zədələrini tam sağaltmadıqları üçün hazırlığa qatılmayıblar. Adama Fofana isə diz nahiyəsində ağrılar hiss etdiyindən məşqi buraxıb.
Sabahdan məşqləri intensivləşdirəcək “sarı-göylər” noyabrın 14-də Birinci Liqa təmsilçisi “Gəncəbasar”la yoxlama görüşündə qüvvəsini sınayacaqlar.
