“Ağdaş”la oyunda 5:0 hesabı ilə qalib gəlsək də, qarşılaşma bizim üçün rahat keçmədi”.
Bu sözləri “Qaradağ Lökbatan” futbol komandasının baş məşqçisi Amit Quluzadə deyib.
Gənc mütəxəssis komandasının turnir cədvəlində mövqeyi və qış fasiləsindəki transfer planları barədə danışıb.
“Rəqib turnir cədvəlinin aşağı pillələrində qərarlaşsa da, az qol buraxan komandalardan biridir. Çempionatda digər rəqiblərə qarşı da ciddi problemlər yarada biliblər. Buna görə də matça ciddi yanaşırdıq. Hazırda turnir cədvəlinə liderlik edirik. Bu mövqeyi mövsümün sonuna qədər qoruyub saxlaya biləcəyik, ya yox, bunu zaman göstərəcək. Komandada qarşılıqlı inam var. Biz futbolçulara, futbolçular da bizə güvənir. Bu inamı qoruyaraq yolumuza davam etməyə çalışacağıq. Qış fasiləsində heyətdə böyük dəyişikliklər gözlənilmir. Sadəcə, futbolçu sayı baxımından müəyyən çatışmazlığımız var. Bu səbəbdən bir neçə yeni oyunçunu heyətə cəlb etməyə çalışacağıq. Düşünürəm ki, maksimum iki-üç futbolçu transfer edə bilərik”, - deyə o sport24.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, “Qaradağ Lökbatan” İkinci Liqanın 10-cu turunda doğma meydanda “Ağdaş”a 5:0 hesabı ilə qalib gəlib. Bu nəticədən sonra komanda turnir cədvəlində 27 xalla liderdir.
