“Mingəçevir”də böhran dərinləşir: Futbolçular məşqləri boykot etdi

20 Oktyabr 2026 21:39
103
“Mingəçevir”də böhran dərinləşir: Futbolçular məşqləri boykot etdi

Birinci Liqada çıxış edən “Mingəçevir” futbol klubunda ciddi maliyyə problemləri yaranıb. Komandanın futbolçuları əməkhaqqı borclarına görə məşqlərə çıxmaqdan imtina ediblər.

İdman.Biz Sportinfo.az-a istinadən xəbər verir ki, iki aydır maaş ala bilməyən oyunçular artıq iki gündür məşqləri boykot edirlər. Onların etirazına baş məşqçi Elman Sultanovun köməkçiləri də qoşulublar.

Məlumata görə, Elman Sultanov “Şimal”a 1:4 hesabı ilə uduzduqları qarşılaşmadan sonra Mingəçevirə qayıtmayıb.

Klubda yaranmış vəziyyət sabah Birinci Liqanın altıncı turunda Şamaxıda keçirilməsi nəzərdə tutulan “Xankəndi” – “Mingəçevir” matçını da sual altına qoyub.

Bildirilir ki, iyul ayında klubu himayəsinə götürən şəxslərlə hazırda əlaqə saxlamaq mümkün deyil. Maliyyə problemləri futbolçuların məişət şəraitinə də təsir göstərib.

Belə ki, başqa şəhərlərdən gələn oyunçuların Mingəçevirdə kirayə qaldıqları mənzillərin ödənişləri edilmədiyindən ev sahibləri onları içəri buraxmırlar.

Komandanın gündəlik qida təminatında da ciddi çətinliklər yaşandığı iddia olunur. Yerli azarkeşlər öz aralarında pul toplayaraq futbolçular üçün ərzaq alırlar.

Mənbə klubda maliyyə böhranının davam edəcəyi təqdirdə komandanın fəaliyyətinin təhlükə altına düşə biləcəyini qeyd edir.

İdman.Biz