Renat Dadaşov Bakıda müalicə olunur: Azərbaycan millisinin hücumçusu noyabr oyunlarını buraxa bilər

20 Oktyabr 2026 19:50
121
Renat Dadaşov Bakıda müalicə olunur: Azərbaycan millisinin hücumçusu noyabr oyunlarını buraxa bilər

Azərbaycan millisinin və Ukraynanın “Bukovina” klubunun hücumçusu Renat Dadaşov Litvaya qarşı UEFA Millətlər Liqasının oyununda aldığı zədədən sonra Bakıda müalicə olunur.

İdman.Biz Sportinfo.az-a istinadən xəbər verir ki, futbolçunun budunun ön hissəsindəki əzələdə yırtıq aşkarlanıb.

Mənbənin məlumatına görə, Ukrayna klubu oyunçunun zəruri müalicəsini təşkil edə bilməyib. Bundan sonra Dadaşov kömək üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) müraciət edib.

Hazırda hücumçu Bakıda mütəxəssislərin nəzarəti altında müalicə kursu keçir. Bildirilir ki, tibbi müayinədən sonra həkimlər cərrahi müdaxiləyə ehtiyac olmadığı qənaətinə gəliblər.

Futbolçunun bərpa prosesinin təxminən bir ay davam edə biləcəyi ehtimal olunur. Bu proqnoz özünü doğrultsa, Dadaşov Azərbaycan millisinin noyabrda Lixtenşteyn və Andorraya qarşı keçirəcəyi oyunları buraxmaq riski ilə üzləşəcək.

Bununla belə, hücumçunun bərpa müddəti ilə bağlı AFFA və ya “Bukovina” klubu tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

İdman.Biz