“Mövsümə başlayanda ilk altı turdan sonra nəticələrin belə olacağını, turnir cədvəlində bu vəziyyətlə üzləşəcəyimizi gözləmirdik”.
Bu sözləri “Araz-Naxçıvan” futbol klubunun yeni prezidenti Ceyhun Sultanov deyib.
Klub rəhbəri bu mövsüm komandasının uğursuz çıxışınının səbəbini açıqlayıb.
“Təbii ki, çempionata başlayarkən məqsədimiz və gözləntilərimiz fərqli idi. Amma futbolda hər şey planlaşdırıldığı kimi getmir. Məhz bunun üçün də, Cavid Hüseynovla yola davam etməmək qərarına gəldik. Yeni baş məşqçimiz tezliklə ictimaiyyətə təqdim olunacaq. Bəzən yaxşı hazırlaşdığın oyunlarda da istədiyin nəticəni əldə edə bilmirsən. Hazırda yaranmış vəziyyəti düzgün qiymətləndirmək və səhvlərimizi müəyyənləşdirmək lazımdır. Çünki nəticə yoxdursa, deməli, nəsə düz getmir. Bunun səbəbləri üzərində işləməli, çatışmazlıqları aradan qaldırmalıyıq. Qarşıda hələ çox oyun var və çempionat uzun marafondur. Bütün sualların cavabını çempionatın sonunda bilinəcək. Bu vəziyyətdən çıxacağımıza və qarşıdakı turlarda daha yaxşı nəticələr göstərəcəyimizə inanıram”, - deyə o sport24.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Ötən klub rəhbərliyi komandanın baş məşqçisi Cavid Hüseynovu istefaya göndərib.
