“Qarabağ”ın sabiq futbolçusu Abdullah Zubir karyerasını Səudiyyə Ərəbistanının “Əl-Uruba” futbol komandasında davam etdirəcək.
İdman.Biz xəbər verir ki, klub 34 yaşlı futbolçunun qeydiyyatı ilə bağlı yaranan problemi həll edib.
Daha əvvəl “Əl-Uruba”nın maliyyə təminatı Səudiyyə Ərəbistanı Liqasının tələblərinə cavab vermədiyi üçün Zubirin müqaviləsinin qeydiyyata alınmadığı bildirilirdi. Bu səbəbdən sabiq “Qarabağ” futbolçusunun azad agent statusu aldığı qeyd olunurdu.

“L’Équipe”in məlumatına görə, Səudiyyə klubunun rəhbərliyi sonradan lazımi addımları atıb və Abdullah Zubiri heyətə qeydiyyatdan keçirib. Klub futbolçu ilə əlaqə saxlayaraq problemin aradan qaldırıldığını və onun mövsüm ərzində komandada çıxış edə biləcəyini bildirib.
Zubir 2018-ci ildə “Lans”dan “Qarabağ”a keçib və səkkiz il Ağdam təmsilçisinin formasını geyinib. O, bu müddətdə komandanın heyətində 368 oyuna çıxaraq 78 qol vurub. Zubir “Qarabağ” tarixində ən çox oyun keçirən futbolçular arasında yeddinci, ən çox qol vuranlar sırasında isə ikinci yeri tutur.
34 yaşlı futbolçu “Qarabağ”la altı dəfə Azərbaycan çempionu, iki dəfə Azərbaycan Kubokunun qalibi olub. Zubir həmçinin Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox qol vuran futbolçudur. Onun bu turnirlərdə hesabında 18 qol var.
