Azərbaycan klubu cəmi doqquz il əvvəl yaradılmasına baxmayaraq, Çempionlar Liqasının əsas mərhələsinə yüksələrək Avropanın nəhəngləri ilə qarşılaşmaq hüququ qazanıb
İdman.Biz xəbər verir ki, bu barədə “Euronews”un Azərbaycan təmsilçisinin tarixi uğuruna həsr etdiyi məqalədə bildirilib.
Məqalədə “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsi Avropa futbolunda gözlənilməz və tarixi nailiyyət kimi qiymətləndirilib.
Qeyd olunub ki, Bakı klubu 2017-ci ildə təsis edilsə də, qısa müddət ərzində Azərbaycanın aparıcı komandalarından birinə çevrilib. “Sabah” 2024/2025 mövsümündə Azərbaycan Kubokunu qazanıb, növbəti mövsümdə isə Azərbaycan Premyer Liqasının çempionu olub. Bununla da paytaxt təmsilçisi uzun müddət ölkə futbolunda hökmranlıq edən “Qarabağ”ın üstünlüyünə son qoyub.
Azərbaycan klubu Çempionlar Liqasının seçmə mərhələsində Danimarkanın “Orhus” (AGF), İngiltərənin “Lids Yunayted”, Finlandiyanın HİK və Rumıniyanın “Styaua” komandalarını mübarizədən kənarlaşdırdıqdan sonra pley-offda İsrailin “Hapoel Beer-Şeva” klubu ilə üz-üzə gəlib. “Sabah” rəqibini iki oyunun nəticəsinə görə 6:4 hesabı ilə məğlub edərək tarixində ilk dəfə turnirin əsas mərhələsinə yüksəlib.
Bu nəticə “Sabah”a Avropanın ən nüfuzlu klub turnirində səkkiz oyun keçirmək imkanı verib. Bakıdakı qarşılaşmalarda “Barselona”, Dortmund “Borussiya”sı, “Napoli” və “Slaviya” (Praqa) ilə görüşəcək Azərbaycan təmsilçisi səfərdə İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” komandaları ilə qarşılaşacaq.
“Euronews” məqaləsində “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın futbol dünyasına gəlişinin maraqlı tarixçəsinə də xüsusi diqqət yetirilib.
Litvalı mütəxəssis 2002-ci ildə ölkəsinin televiziya kanallarından birində yayımlanan “Kim milyonçu olmaq istəyir?” viktorinasında pul mükafatı qazanıb. Dambrauskas həmin vəsaitdən İngiltərəyə köçmək və UEFA-nın məşqçilik kurslarında iştirak etmək üçün istifadə edib.
Peşəkar futbolçu kimi keçmişi olmayan Dambrauskas təhsil haqqını ödəmək üçün İngiltərədə dayə, satıcı və qəzet paylayan şəxs kimi işləyib. Daha sonra “Fulhem”, “Brentford” və “Mançester Yunayted”in akademiyalarında fəaliyyət göstərib. “Sabah” onun baş məşqçi kimi çalışdırdığı 10-cu klubdur.
Dambrauskas “Euronews”a açıqlamasında bu uğurun onun üçün yalnız son nəticə olmadığını bildirib:
“Bəzən çətin olurdu. Çox çalışmalı və həm özümün, həm də ətrafımdakı insanların şübhə etdiyi vaxtlarda özümə inanmalı idim. Mən bu nailiyyəti bir mərhələ kimi qəbul edirəm və inanıram ki, yolun özü daha vacibdir. Qarşıda başqa xəyallar da var və mən həqiqətən dayanmaq istəmirəm”.
Mütəxəssis komandanın Çempionlar Liqasındakı çıxışından əvvəl Azərbaycan çempionatının əhəmiyyətini də vurğulayıb:
“Hamı Çempionlar Liqasından danışır, amma orada oynamağımıza imkan verən Azərbaycan çempionatıdır. Diqqətimizi qorumağımız və keçirəcəyimiz hər oyuna hazırlaşmağımız çox vacibdir”.
“Sabah”ın sağ cinah müdafiəçisi Tellur Mütəllimov isə Avropanın nəhəngləri ilə qarşılaşmaların onda həyəcanla yanaşı, daha böyük məsuliyyət yaratdığını söyləyib. O, komandanın seçmə mərhələsində səfər oyunlarında da azarkeşlərin dəstəyini hiss etdiyini qeyd edib.
Klub prezidenti Maqsud Adıgözəlov isə “Sabah”ın uğurunun böyük maliyyə imkanlarından daha çox düzgün effektli idarəetmədən qaynaqlandığını bildirib.
“Biz maliyyə baxımından bir çox köklü Avropa klubu ilə rəqabət apara bilməzdik. Buna görə də öz rəqabət üstünlüklərimizi tapmalı idik”, – Adıgözəlov deyib.
Məqalədə “Sabah”ın heyətinin ümumi bazar dəyərinin təxminən 16,65 milyon avro (33 milyon manat) olduğu, “Barselona”nın heyətinin isə 1,1 milyard avro civarında qiymətləndirildiyi qeyd edilib. “Mançester Yunayted”in heyətinin dəyərinin isə təxminən 900 milyon avro olduğu bildirilib.
Adıgözəlov “Sabah”ın Çempionlar Liqasına yüksəlməsinin yalnız klub üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün də əhəmiyyətli olduğunu bildirib.
“Bu gün hər kəsin görə bildiyi nəticə Çempionlar Liqasıdır. Bizi xüsusilə qürurlandıran isə insanların doqquz il ərzində görmədiyi sistem, mədəniyyət və görülən işlərdir”, – klub prezidenti deyib.
O, “Sabah”ın Avropanın nəhəng klubları ilə qarşılaşmasının Azərbaycanda futbolun inkişafına təsir göstərəcəyinə ümid etdiyini də bildirib:
“Stadionda oturub “Barselona” və ya Dortmund “Borussiya”sının “Sabah”a qarşı oynamasını izləyən gənc oğlan və ya qız futbola fərqli cür xəyal qurmağa başlaya bilər. Əgər bu nailiyyət daha çox uşağın futbola gəlməsinə, daha çox ailənin stadionlara getməsinə və Azərbaycan futboluna inamın artmasına səbəb olarsa, onda onun təsiri “Sabah”ın özündən qat-qat böyük olacaq”.
