Premyer Liqada mövsümün ilk istefası: Kaxaber Tsxadadze “Qəbələ”dən getdi

31 Avqust 2026 13:35
146
Premyer Liqada mövsümün ilk istefası: Kaxaber Tsxadadze “Qəbələ”dən getdi

Kaxaber Tsxadadze “Qəbələ”nin baş məşqçi postundan gedib.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Gürcüstanlı mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun köməkçisi Georgi Çixradze ilə əməkdaşlığa da son qoyulub.

Qeyd edək ki, Kaxaber Tsxadadze 25 fevral 2024-cü ildə “Qəbələ”nin baş məşqçisi təyin olunub. Həmin vaxt komanda Premyer Liqada çıxış edir və turnir cədvəlinin sonuncu pilləsində qərarlaşırdı. 2023/24 mövsümünün yekunlarına əsasən, gürcüstanlı mütəxəssislə birlikdə klub I Liqaya düşüb.

Artıq növbəti mövsümdə Tsxadadze “Qəbələ”ni yenidən elita divizionuna qaytarıb. Komanda vaxtından əvvəl yüksəlişini təmin edib, daha sonra isə 2024/25 mövsümündə I Liqanın çempionu olub. Ötən mövsüm “Qəbələ” Azərbaycan Premyer Liqasında güclə yerini qoruyub. Qəbələ təmsilçisi turnir cədvəlində 11-ci, yəni sondan əvvəlki pilləni tutub. Keçid oyununda isə I Liqa klubu “Mingəçevir”i 2:0 hesabı ilə məğlub edərək elitadakı yerini qoruyub.

Tsxadadzenin istefası 2026/27 mövsümündə Azərbaycan Premyer Liqasında baş məşqçi postunda ilk ayrılıqdır.

İdman.Biz