Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qarabağ”a 2:4 hesabı ilə uduzan “Sumqayıt” futbol komandasının baş məşqçisi Filipe Kandido məğlubiyyətin səbəblərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşılaşmanın ilk 40 dəqiqəsində yetirmələrinin intizamlı oyun nümayiş etdirdiyini, lakin fərdi səhvlərin matçın gedişinə təsir göstərdiyini vurğulayıb.
“Oyunçularımla fəxr edirəm. Onlar stadionundan və rəqibindən asılı olmayaraq, sonadək mübarizə aparmağı bacarırlar. İlk hissədə bərabər səviyyəli oyun getdi. Rəqib topa daha çox sahib olsa da, 40 dəqiqə ərzində intizamlı çıxış etdik. Təəssüf ki, fasiləyə beş dəqiqə qalmış iki fərdi səhvə yol verdik. “Qarabağ”ın yüksək keyfiyyətə malik futbolçuları ən kiçik səhvdən belə yararlana bilirlər”, - deyə baş məşqçi söyləyib.
Kandido hesabın bərabərləşdirilməsinə baxmayaraq, komandasının fiziki baxımdan sona qədər mübarizə aparmaqda çətinlik çəkdiyini qeyd edib:
“Fasilədə futbolçulara dedim ki, qorxunu üzərlərindən atsalar, oyunun gedişini dəyişə bilərik. Buna nail olduq, hesabı bərabərləşdirdik. Ancaq sonradan enerjimiz tükəndi və məğlub olduq. İnanıram ki, gələcəkdə həm “Qarabağ”ı, həm də digər rəqiblərimizi məğlub edə bilərik”.
“Kimyaçılar”ın baş məşqçisi mövsümün əvvəlindən davam edən heyət problemlərinin komandanın nəticələrinə təsirsiz ötüşmədiyini də diqqətə çatdırıb. O, ilk qarşılaşmadan sonra Səbuhi Abdullazadə və Jeam Oliveyranın xidmətindən məhrum olduqlarını, bugünkü görüşdə isə Lukas Blek və Mamadi Banqrenin iştirak etmədiklərini xatırladıb.
Ardıcıl iki qarşılaşmada rəqib qapısına iki dəfə yol tapmalarına baxmayaraq, xal qazana bilməmələrindən danışan Kandido komandasının üzərində çalışmalı olduğu məqamları açıqlayıb:
“İki qol vurduğumuz qarşılaşmalarda ən azı bir xal qazanmalıyıq. Bu gün son dəqiqələrdə akademiyamızın dörd yetirməsini meydana buraxdıq. Çətinliklərimiz var, amma biz də öyrənirik. Komandam hesabda önə keçdikdən sonra oyunun tempini və vaxtı idarə etməyi bacarmalıdır. Hər şey idman nəticələri ilə ölçülmür. Futbolçularıma daim bildirirəm ki, həm həyatda, həm də karyeralarında əzmkar olmalıdırlar. Bu gün onlarda həmin xüsusiyyəti gördüm və buna sevindim”.
Turnir cədvəlində “Şəfa” ilə xal fərqinin azalmasına gəlincə, portuqaliyalı mütəxəssis mövsümün hazırkı mərhələsində komandaların tutduqları mövqelərə xüsusi əhəmiyyət vermədiyini bildirib:
“Hər qarşılaşmada xal qazanmaq və daha yüksək pillələrə yüksəlmək üçün çalışırıq. Turnir cədvəlinə mövsümün sonunda baxarıq. Ümid edirəm ki, çempionatı yuxarı pillələrdə başa vuracağıq”.
