Litva mətbuatı “Sabah”ın “Araz-Naxçıvan” üzərində üstünlüyündən yazıb

29 Noyabr 2026 12:13
58
Litva mətbuatı “Sabah”ın “Araz-Naxçıvan” üzərində üstünlüyündən yazıb

Litvanın LRT portalı Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sabah” futbol komandasının “Araz-Naxçıvan” üzərində qazandığı 2:0 hesablı qələbəyə məqalə həsr edib.

İdman.Biz xəbər verir ki, nəşr litvalı mütəxəssis Valdas Dambrauskasın yetirmələrinin rəqibi üzərində böyük üstünlüklə çıxış etdiyini vurğulayıb.

Qarşılaşmanın 18-ci dəqiqəsində Coy-Lens Mikels meydan sahiblərini hesabda önə keçirib. 68-ci dəqiqədə isə Ksander Severina fərqi artırıb.

LRT komandaların topa sahibolma göstəricisinin bərabər (50 faiz) olmasına baxmayaraq, qapıya zərbələrin sayında “Sabah”ın aşkar üstünlüyünü (22:1) diqqətə çatdırıb.

Nəşr Bakı təmsilçisinin üç oyunluq qələbəsiz seriyadan sonra ölkə çempionatında ardıcıl ikinci qələbəsini qazandığını da qeyd edib.

Litva portalı Azərbaycanın son çempionunun turnir cədvəlindəki mövqeyinə də toxunub. 27 xalı olan “Sabah” əlavə göstəricilərə görə “Turan Tovuz”u qabaqlayaraq ikinci pillədə qərarlaşıb. Dambrauskasın komandası lider “Neftçi”dən üç xal geri qalsa da, hər iki rəqibindən bir oyun az keçirib.

“Araz-Naxçıvan” isə dörd xalla turnir cədvəlinin sonuncu pilləsində yer alır.

Qeyd edək ki, “Sabah” növbəti qarşılaşmasını dekabrın 1-də “İmişli”yə qarşı keçirəcək.

İdman.Biz