Azərbaycan klub futbolu tarixində ən uzunmüddətli seriyalardan biri başa çatıb.
İdman.Biz xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Niderlandın “Tvente” klubuna məğlub olaraq 2026/27 mövsümündə avrokubokların əsas mərhələsinə vəsiqə qazana bilməyib.
Konfrans Liqasının pley-off mərhələsinin Bakıda keçirilən cavab oyunu əlavə vaxtda qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bir həftə əvvəl Ensxede şəhərində 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası üstünlüyünü qoruya bilməyib və iki oyunun nəticəsinə görə 2:4 hesabı ilə uduzub.
Beləliklə, “Qarabağ” 2013/14 mövsümündən bəri ilk dəfə UEFA turnirlərindən birinin əsas mərhələsində təmsil olunmayacaq.
Ağdam klubunun unikal seriyası ardıcıl 12 mövsüm davam edib. 2014/15 mövsümündən etibarən “Qarabağ” format dəyişikliyindən sonra Çempionlar Liqası, Avropa Liqası və ya Konfrans Liqasının qrup, daha sonra isə liqa mərhələsində mütəmadi olaraq iştirak edib.
Simvolikdir ki, bu seriya məhz “Tvente” ilə başlayıb.
2014-cü ilin avqustunda komandalar Avropa Liqasının pley-off mərhələsində də qarşılaşıblar. Bakıda keçirilən ilk oyun 0:0 hesabı ilə başa çatıb. Enschede şəhərindəki cavab görüşündə isə 1:1 hesablı heç-heçə qeydə alınıb. Həmin vaxt qüvvədə olan səfər qolu qaydasına əsasən “Qarabağ” Niderland klubunu mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə avrokubokun qrup mərhələsinə yüksəlib.
Bundan sonra Qurban Qurbanovun komandası 12 mövsüm ardıcıl olaraq təsnifat mərhələsini keçərək UEFA turnirlərinin əsas mərhələsində özünə yer tapıb. 2017/18 mövsümündə “Qarabağ” ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. 2025/26 mövsümündə isə Ağdam təmsilçisi yenidən qitənin əsas klub turnirinin liqa mərhələsində mübarizə aparıb.
Düz 12 il sonra dairə qapandı. “Qarabağ”ın rekord avrokubok seriyasının başladığı rəqib – “Tvente” – həm də bu seriyaya son qoyan komanda oldu.
