Lepinitsa: “Real Madrid və ya “Barselona” ilə oynamaq istəyərdim”

27 Avqust 2026 00:55
97
Lepinitsa: “Real Madrid və ya “Barselona” ilə oynamaq istəyərdim”

“Sabah” futbol klubunun xorvatiyalı yarımmüdafiəçisi İvan Lepinitsa komandanın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmasından sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, futbolçu ölkəsinin "Sportnet" nəşrinə açıqlamasında “Sabah”ın tarixi uğurundan danışıb və turnirin əsas mərhələsində qarşılaşmaq istədiyi rəqibləri açıqlayıb.

“Hər bir futbolçu uşaqlıqdan Çempionlar Liqasında oynamaq istəyir. Bu oyunlara televiziyada baxırsan, himni dinləyirsən və böyük futbolçuların meydana çıxdığını görürsən. İndi mən ilk dəfə pley-off mərhələsində bu himni eşitdim, amma əsl möhtəşəm anlar hələ qarşıdadır. Bu, həqiqətən də möcüzədir”, - deyə o bildirib.

Xorvatiyalı futbolçu “Sabah”ın bu nəticəsinə az adamın inandığını vurğulayıb:

“Demək olar ki, heç kim belə nəticə əldə edə biləcəyimizə inanmırdı. Bu, klub, ölkə və mənim üçün böyük uğurdur. Hələ də nə etdiyimizi tam dərk etməmişəm. Yəqin ki, püşkatmadan sonra bunu daha yaxşı anlayacağıq. Artıq biz də bu futbol dəbdəbəsinin bir hissəsiyik”.

Lepinitsa Bakıdakı qarşılaşmada azarkeşlərin də böyük rol oynadığını qeyd edib:

“Atmosfer möhtəşəm idi. Bu qədər insanın stadiona gəlməsinə görə hər kəsə təşəkkür edirəm. Adətən daha kiçik stadionda oynayırıq, indi isə 30 min insanın qarşısında meydana çıxdıq. Matçdan sonra böyük emosiyalar yaşadıq”.

O, baş məşqçi Valdas Dambrauskası da xüsusi qeyd edib:

“Əvvəlcə onun çox yaxşı insan olduğunu deyərdim, sonra isə çox yaxşı məşqçidir. Belə nəticələri təsadüfi deyil. Taktiki baxımdan çox güclüdür, eyni zamanda futbolçularla münasibət qurmağı da yaxşı bacarır”.

Lepinitsa Çempionlar Liqasının əsas mərhələsində qarşılaşmaq istədiyi komandaların adlarını da açıqlayıb:

“Real Madrid və ya “Barselona” ilə oynamaq istəyərdim. Bəlkə də “Mançester Yunayted”lə”.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel Beer-Şeva”nı mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə turnirin əsas mərhələsinə yüksəlib.

İdman.Biz