Ofir Martsiano: "Sabah"la oyun bizim üçün çox əhəmiyyətlidir"

24 Avqust 2026 19:32
118
Ofir Martsiano: "Sabah"la oyun bizim üçün çox əhəmiyyətlidir"

Beer-Şeva "Hapoel"inin qapıçısı Ofir Martsiano UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Sabah"a qarşı keçirəcəkləri cavab oyununun komandası üçün böyük əhəmiyyət daşıdığını bildirib.

İdman.Biz xəbər verir ki, 36 yaşlı qolkiper bunu Bakıda keçirilən oyunöncəsi mətbuat konfransında deyib.

"Özümüzü yaxşı hiss edirik. Bizim üçün çox əhəmiyyətli oyundur. Komandamıza inanırıq və tam olaraq matça köklənmişik. Asan olmayacağını da bilirik. Qələbə qazanmaq istəyirik. Yolun astanasındayıq və oyunun əhəmiyyətini anlayırıq. Sabah çox vacib matça çıxacağıq", - deyə Martsiano bildirib.

Qapıçı ilk görüşdə qazandıqları qələbəni də xatırladıb.

"İlk görüşdə qələbə qazanmışıq. Hər işin öz çətinliyi, problemi var. Bütün çətinliklər bizi daha da gücləndirir", - deyə o əlavə edib.

"Sabah" - "Hapoel" cavab qarşılaşması avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.

Buxarestdə keçirilən ilk görüş "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz