“Turan Tovuz”un keçmiş yarımmüdafiəçisi “Mladost”un əsas ümidlərindən biridir

21 Avqust 2026 19:33
58
“Turan Tovuz”un keçmiş yarımmüdafiəçisi “Mladost”un əsas ümidlərindən biridir

Xorvatiyanın “Mladost Ždralovi” futbol klubunun yarımmüdafiəçisi Filip Ozobiç komandanın yeni mövsümdə əsas gücləndirmələrindən biri hesab olunur.

İdman.Biz xəbər verir ki, Xorvatiya mətbuatında “Mladost Ždralovi”nin “Vukovar 1991”lə keçirəcəyi oyunla bağlı dərc olunan yazıda Ozobiç xüsusi olaraq fərqləndirilib.

Qeyd olunub ki, “Mladost Ždralovi” SuperSport İkinci Liqasından daha yüksək diviziona yüksəlib və əsas məqsədi bu səviyyədə möhkəmlənməkdir. Komandanın buna nail olmasında Ozobiçin mühüm rol oynayacağı gözlənilir.

Xorvatiyalı yarımmüdafiəçi yay transfer dövründə “Mladost Ždralovi”nin ən böyük transferi kimi təqdim olunub.

Komanda bu gün “Vukovar 1991”lə qarşılaşacaq.

Filip Ozobiç Azərbaycan millisində də çıxış edib. O, ölkə çempionatında “Qəbələ”, “Qarabağ” və “Neftçi”nin formasını geyinib. İyun ayında isə “Turan Tovuz”la müqaviləsi başa çatıb və klubdan ayrılıb.

Qeyd edək ki, Ozobiç Azərbaycan çempionatları tarixinin rekorduna da imza atıb. O, 1992-ci ildən keçirilən turnirin tarixində ən çox qol vuran legioner və ya çempionatda legioner kimi debüt edib sonradan Azərbaycan vətəndaşlığı alanlar arasında ən yaxşı bombardir olub. Xorvatiya əsilli oyunçu bunu Misli Premyer Liqasının 27-ci turunun "Turan Tovuz" - "Sumqayıt" görüşündə (2:1) fərqlənərək - 72-ci qolunu vurmaqla gerçəkləşdirib.

72-ci qolunu 225-ci matçında vuran Ozobiç Azərbaycan millisinin formasını geyinmiş gürcüstanlı Badri Kvaratsxeliyanın rekordunu geridə qoyub. “Kəpəz” və “Şəmkir”də oynamış forvard 132 matçda 71 qola imza atıb.

İdman.Biz