Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentində kütləvi işdən çıxarılma baş verib.
İdman.Biz-in əldə etdiyi məlumata görə, departamentin beş əməkdaşı ilə qüvvədə olan əmək müqavilələrinə vaxtından əvvəl xitam verilib.
Bildirilir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev Murad Axundovun rəhbərliyi altında çalışan əməkdaşlara sentyabrın 1-dən işə çıxmamaları barədə məlumat verib.
Qərarın səbəbi kimi Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin PR istiqamətində qarşıya qoyulan vəzifələri gözlənilən səviyyədə yerinə yetirməməsi göstərilib.
İşdən çıxarılan əməkdaşlar arasında AFFA-nın rəsmi saytı affa.az-ın redaktoru Ruslan Sadıqov və SMM meneceri Mehman Əşrəfov da var. Müqavilələrinə xitam verilən digər üç əməkdaşın adları açıqlanmayıb.
Qeyd edək ki, AFFA-da daha əvvəl də bir sıra kadr dəyişiklikləri olub. Belə ki, Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov, İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Kütləvi Futbol Departamentinin rəhbəri vəzifəsini icra edən Fərrux İsmayılov vəzifələrindən azad ediliblər.
