“Hazırlıq mərhələsi yaxşı gedir. Artıq dördüncü həftədir ki, hazırlıqlara başlamışıq və məşq prosesində qarşıya qoyduğumuz plan üzrə irəliləyirik. Komandanın fiziki və taktiki hazırlığının artırılması istiqamətində ciddi işlər görürük”.
İdman.Biz xəbər verir ki, bu sözləri sport24.az-a açıqlamasında MOİK-in baş məşqçisi İlham Yadullayev deyib.
Mütəxəssis komandasının yeni mövsümə hazırlıq prosesindən danışaraq qarşıda iki yoxlama oyununun olduğunu bildirib:
“Qarşıda daha iki yoxlama oyunumuz var. Həmin görüşlərdə həm futbolçuların hazırkı vəziyyətini, həm də yeni mövsümə nə dərəcədə hazır olduğumuzu daha yaxından görmək imkanımız olacaq. Bu oyunlardan sonra hazırlığı başa çatdırıb, bütün diqqətimizi rəsmi qarşılaşmalara yönəldəcəyik. Hazırda komandanın yeni mövsümə hazırlıq səviyyəsini təxminən 80 faiz qiymətləndirirəm. Təbii ki, hələ üzərində işləməli olduğumuz məqamlar var. Xüsusilə 1-2 mövqedə müəyyən boşluqlarımız görünür. Bu istiqamətdə rəhbərliklə birlikdə müzakirələr aparırıq. Əgər komandaya fayda verəcək və səviyyəmizi artıracaq futbolçu tapılsa, həmin mövqelərə transfer etməyimiz mümkündür. Amma sırf transfer etmiş olmaq üçün futbolçu almaq fikrində deyilik. Əsas məqsədimiz komandaya real fayda verə biləcək oyunçuları heyətə cəlb etməkdir. Yeni mövsümdə əsas hədəfimiz turnir cədvəlində bacardığımız qədər yüksək pillələr uğrunda mübarizə aparmaqdır. Bunun asan olmayacağını bilirik. Çempionatda rəqabət kifayət qədər yüksəkdir və hər oyuna maksimum məsuliyyətlə yanaşmalıyıq. İnanıram ki, düzgün hazırlıq keçərək, oyun-oyun irəliləsək, qarşımıza qoyduğumuz məqsədlərə çata bilərik. Əsas istəyimiz mövsüm ərzində sabit çıxış etmək, hər oyunda xal və nəticə uğrunda mübarizə aparmaqdır”.
Qeyd edək ki, MOİK ötən mövsüm Birinci Liqanı altıncı pillədə başa vurub.
