Qutsulyakın agentindən “Neftçi” açıqlaması: “Danışıqlar olmayıb”

20 Avqust 2026 03:45
106
Qutsulyakın agentindən “Neftçi” açıqlaması: “Danışıqlar olmayıb”

Ukrayna millisinin futbolçusu Aleksey Qutsulyakın Azərbaycanın “Neftçi” klubuna mümkün keçidi ilə bağlı yeni açıqlama verilib.

İdman.Biz xəbər verir ki, 27 yaşlı vingerin agenti Oleq Avdiş müştərisinin Yuri Vernidubun baş məşqçisi olduğu “Neftçi” ilə heç bir danışıq aparmadığını bildirib.

Agent daha əvvəl yayılan məlumatları təkzib edib:

“İqor Burbas Alekseyin “Neftçi” ilə danışıqlar apardığını bildirdi. Mən bunu tamamilə təkzib edirəm. Burbas doğru məlumat verməyib. Bu komanda ilə danışıqlarımız olmayıb. Onlardan ayda 70 min və ya başqa məbləğ istəməmişik”.

Avdiş Qutsulyakın yeni klubundan gözlədiyi illik qazancın isə daha yüksək olduğunu açıqlayıb. Onun sözlərinə görə, futbolçunun tələbi ölkədən və vergi sistemindən asılı olaraq ildə 1-2 milyon avro (1. 97 milyin – 3.9 milyon AZN) arasında dəyişir.

Agent Qutsulyakla bağlı yalnız “Neftçi” ilə deyil, ümumiyyətlə heç bir Azərbaycan klubu ilə danışıqlar aparılmadığını vurğulayıb:

“Mən Bakıda olmuşam, Azərbaycanın müxtəlif top-klublarının rəhbərləri ilə görüşmüşəm. Münasibətlərimiz yaxşıdır. Başqa məsələləri müzakirə etmişik, amma Qutsulyakla bağlı ümumiyyətlə söhbət olmayıb”.

Qutsulyak iyulda Ukraynanın “Polesye” klubundan müqaviləsi başa çatdıqdan sonra ayrılıb və hazırda azad agentdir. O, ötən mövsüm bütün turnirlərdə 31 matçda doqquz qol vurub və yeddi məhsuldar ötürmə edib. Futbolçu “Polesye”də keçirdiyi iki mövsümdə isə 65 görüşdə 21 qol və 11 assistlə yadda qalıb.

Ukrayna millisində 16 oyun keçirən Qutsulyakın hesabında altı qol və üç məhsuldar ötürmə var. Onun bazar dəyəri 3,5 milyon avro (6 milyon 893 min 600 AZN) göstərilir.

İdman.Biz