Dambrauskas: “Sabahkı oyuna hazırıq” - VİDEO

19 Avqust 2026 00:30
75
Dambrauskas: “Sabahkı oyuna hazırıq” - VİDEO

“Sabah” futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrail təmsilçisi “Hapoel”lə qarşılaşmağa hazırlaşır.

İdman.Biz xəbər verir ki, Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas matçdan əvvəl keçirilən mətbuat konfransında komandanın bu görüşü böyük səbirsizliklə gözlədiyini bildirib.

Litvalı mütəxəssis klubun tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində iştirak etdiyini vurğulayıb:

“Bu mərhələ bizim üçün xüsusi əhəmiyyət daşıyır. Klub tarixində ilk dəfə pley-offdayıq və oyunu böyük səbirsizliklə gözləyirik”.

Dambrauskas rəqibi də bu mərhələyə yüksəlməsi münasibətilə təbrik edib və qarşıdakı iki oyunun hər iki komanda üçün tarixi əhəmiyyət daşıdığını qeyd edib:

“İki həftədən sonra bu komandaların biri tarix yazaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. Biz bu yola başlayanda favorit sayılmırdıq, həmişə autsayder kimi görünürdük. Eyni sözləri rəqibimiz haqqında da demək olar. Amma hər iki komanda burada olmağa layiq olduğunu sübut edib”.

Baş məşqçi “Sabah”la “Hapoel”in oyun üslubunda oxşarlıqların olduğunu da bildirib:

“Bizi maraqlı mübarizə gözləyir. Bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq. Sabahkı oyuna hazırıq”.

Qeyd edək ki, “Hapoel” – “Sabah” matçı avqustun 19-da Bakı vaxtı ilə saat 23:00-da Buxarestdəki “Quleşti” stadionunda keçiriləcək.

Cavab qarşılaşması isə avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüş saat 20:45-də başlayacaq.

İdman.Biz