Polşa mediası “Sabah”ın müdafiəçisini Roberto Karlosa bənzədib

18 Avqust 2026 23:54
80
Polşa mediası “Sabah”ın müdafiəçisini Roberto Karlosa bənzədib

“Sabah” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməyə çox yaxındır. Bakı təmsilçisinin pley-offdakı son maneəsi İsrailin “Hapoel Beer Şeva” klubudur.

İdman.Biz xəbər verir ki, Polşanın “Sportowy Onet” nəşri “Sabah”ın polşalı müdafiəçisi Timoteuş Puxaçın çıxışına geniş yer ayırıb.

Puxaç “Sabah”ın heyətində indiyədək 40 matçda meydana çıxıb, iki qol vurub və 15 məhsuldar ötürmə edib. Ötən mövsüm isə 33 görüşdə iki qol və 12 assistlə yadda qalıb.

Nəşr polşalı futbolçunu sürəti, hücumlara fəal qoşulması və güclü zərbələri ilə seçildiyini qeyd edərək onu oyun xüsusiyyətlərinə görə “Sabah”ın Roberto Karlosu” adlandırıb.

Komandanın hücumlarının böyük hissəsinin Puxaç və sağ cinah müdafiəçisi Akim Zedadka vasitəsilə qurulduğunu yazan müəllif, Puxaçın Azərbaycan Premyer Liqasının ən sürətli cinah müdafiəçilərindən biri kimi göstərib:

“Müdafiəçi Çempionlar Liqasının təsnifat mərhələsində də məhsuldarlığı ilə seçilib. O, “The New Saints”lə iki görüşdə ümumilikdə iki assist edib, KuPS-la cavab qarşılaşmasında da məhsuldar ötürmə ilə yadda qalıb.

“Sabah” üçüncü təsnifat mərhələsində Danimarkanın “Orhus” klubunu da mübarizədən kənarlaşdırıb. Bakı təmsilçisi ilk matçda 1:2 hesabı ilə uduzsa da, cavab görüşündə rəqibini 4:0 məğlub edərək pley-offa yüksəlib.

Bakı klubunun ev oyunlarındakı göstəricisi də diqqət çəkir. “Sabah” cari mövsümdə Çempionlar Liqasının təsnifatında Bakıda keçirdiyi üç matçın hamısında qalib gəlib, 7 qol vurub və qapısından top buraxmayıb”.

Qeyd edək ki, “Sabah” “Hapoel Beer Şeva” səddini keçəcəyi halda tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsində çıxış edəcək. Pley-offda məğlub olacağı təqdirdə isə mübarizəni UEFA Avropa Liqasının liqa mərhələsində davam etdirəcək.

İdman.Biz