Azər Məmmədov: “Azarkeşlərimizi qələbələrlə sevindirəcəyik”

7 Avqust 2026 12:21
114
Azər Məmmədov: “Azarkeşlərimizi qələbələrlə sevindirəcəyik”

“Kəpəz” futbol komandası Gəncə stadionunda keçirdiyi ilk görüşü qələbə ilə başa vurub. Komandanın baş məşqçisi Azər Məmmədov həm nəticədən, həm də futbolçularının nümayiş etdirdiyi oyundan razı qaldığını bildirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra komandasının ilk hissədə daha yaxşı təsir bağışladığını deyib.

“Matçın ilk hissəsində komanda istədiyimiz oyunu nümayiş etdirə bildi. Əsas istəyimiz qol epizodları yaratmaq və onlardan istifadə etmək idi. Birinci yarıda daha çox fərqlənə bilərdik. Amma iki qol da az deyil”, - deyə baş məşqçi söyləyib.

Məmmədov ikinci hissədə tempin aşağı düşməsini normal hesab edib:

“İkinci hissədə oyunun sürəti bir qədər aşağı düşdü. Bu da normaldır. Bəzi əvəzetmələr etdik, gənc oyunçuları meydana buraxdıq. Onlar da çalışdılar ki, özlərini yaxşı tərəfdən göstərsinlər. Bu, bizim ilk qələbəmiz idi, hər kəsi təbrik edirəm”.

Baş məşqçi Gəncə stadionunda keçirilən ilk matçla bağlı təəssüratlarını da bölüşüb:

“Belə bir meydançanın tək Gəncə üçün yox, Azərbaycan futbolu üçün faydası olacaq. Bizim şəhər, azarkeşlərimiz bu cür gözəl stadiona layiqdir. Burada oynamaq bizə də xoş təəssürat bağışladı”.

Məmmədov “Kəpəz”in yeni stadionda azarkeş dəstəyini daha çox hiss edəcəyinə inandığını bildirib:

“Gəncə stadionunda keçirdiyimiz ilk görüşdə qələbə qazandıq. Mən inanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq və biz də azarkeşlərimizi qələbələrlə sevindirəcəyik”.

İdman.Biz