Saşa Yunisoğlu: “Burda Rahil Məmmədovun inkişafı dayanıb, yeni nəfəs, güclü çempionat lazımdır” - MÜSAHİBƏ

Müsahibə
19 Yanvar 2024 12:52
1 160
Saşa Yunisoğlu: “Burda Rahil Məmmədovun inkişafı dayanıb, yeni nəfəs, güclü çempionat lazımdır” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq futbolçusu Saşa Yunisoğlunun İdman.bizə müsahibəsi

- 2007-2009-cu illərdə Polşada “Qrotslin”in şərəfini qorumusuz. “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov bu ölkənin LKS klubuna keçməyə yaxındır. Təklifi necə dəyərləndirərdiz?

- Düşünürəm ki, bu, Rahil üçün xeyirli olacaq. Polşa çempionatı zəif deyil. Ekstraklasanın Azərbaycan Premyer Liqasından güclü olduğunu əminliklə deyə bilərəm. Həmçinin oyunları hər zaman Avropanın güclü komandaların skautları izləyirlər, əsasən də yaxın Almaniyanın. Bu keçid Rahilin inkişafı üçün çox böyük bir addımdır.

- Yığmanın da şərəfini qoruyan müdafiəçi özünü LKS-də göstərə biləcək?

- Hər hansı bir klubda yaxşı çıxış etmək futbolçudan asılıdır. Rahilin özünü yaxşı tərəfdən göstərmək üçün gözəl potensialı var. O, Azərbaycanın ən yaxşı stopperlərindən biridir. Fiziki və atletik cəhətdən də Polşa futboluna tam uyğundur. Həm də Rahil artıq uşaq deyil, milli komandanın oyunçusudur. Təcrübəli bir futbolçudur.

- İlyarım Polşada oynamış futbolçu kimi ona hansı məsləhətləri verərdiz?

- Birinci məsləhətim odur ki, peşəkar olaraq qalsın. Avropada mentalitet tamamilə başqadır və azərbaycanlı futbolçuya oraya uyğunlaşmaq çox çətindir. İkincisi isə Rahil indidən bilməlidir ki, artıq doğma Azərbaycanda deyil, orda onu heç kim tanımır və nəyə qadir olduğunu kimsə bilmir. Bakıda hardasa yorğunluq hiss edəndə bir balaca məşqi yola vermək olar, çünki hamı səni tanıyır. Amma orda nəinki 100, hətta 150 faiz çalışmalısan ki, onların etimadını qazanasan.

- Bəs lider “Qarabağ”dan autsayder LSK-yə getmək geriyə addım deyil?

- Qətiyyən elə düşünmürəm. Rahillə bərabər Bəhlul Mustafazadəyə də Avropaya getməyini arzulayıram. Burda artıq bu uşaqların inkişafı dayanıb. Yeni sınaq, yeni nəfəs, yeni emosiyalar, daha güclü çempionat lazımdır. Bu aspektlər onlara daha da yaxşı futbolçu olmaq üçün kömək edəcək. Bununla yanaşı, milli komanda üçün xeyri olacaq. Legioner həyatı yaşamaq hər futbolçuya qismət olmur. Bu, şansdır.

- Rahilin gedişi avrokubokun pley-offunda “Braqa” ilə oynayacaq “Qarabağ”a nə qədər təsir edəcək?

- “Qarabağ”ın heyətlə bağlı problemləri yoxdur. Yəqin ki, məşqçilər də min dəfə ölçüb, sonra bu qərarı veriblər. Ona görə hansısa mənfi təsirə edəcəyinə inanmıram. “Qarabağ” bütün Azərbaycanı təmsil edir. Biz onları dəstəkləyirik və istəyirik ki, uğur qazansın. Fikrimcə, keçidlə bağlı “Qarabağ” razılıq veribsə, hansısa problem yaşanmayacaq. Onlar nə etdiyini bilirlər.

Banuçiçək Hüseynli
İdman.biz