"Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Minsk) – “Neftçi” matçında komandanın var gücü ilə oyanacağını deyib.
İdman.Biz xəbər verir ki, matç iyulun 30-u Bakı vaxtı ilə saat 21:00-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda başlayacaq.
Komandaların Bakıda keçirilən ilk matçı 4:2 hesabı ilə Belarus kollektivinin xeyrinə bitib.
Baş məşqçi ilk oyundan sonra klubun psixoloji zərbə aldığını gizlətməyib.
"Buna baxmayaraq, düşünürəm ki, bu matça hazırıq və nəyə qadir olduğumuzu göstərmək istəyirik", - Vernidub bildirib
O, meydana çıxıb sonadək vuruşacaqlarını əlavə edib.
“Bilirəm ki, rəqib də bizimlə görüşə hazırlaşır. Sabah artıq aydın olacaq ki, biz hara gedirik. Yeganə istəyim budur ki, futbolçularım bunu dərk etsinlər və meydanda göstərsinlər, kişi kimi mübarizə aparsınlar. Bütün oyunçularımız sağlamdırlar, mənim səlahiyyətimdədirlər. İlk matçdakı məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirəm. Sabah "Neftçi"yə layiq oyun göstərmək, hər zaman qələbə qazanmaq əzmində olduğumuzu nümayiş etdirmək istəyirik. Arzu edirəm ki, azarkeşlərimiz həmişə – istər çətin, istərsə də yaxşı dönəmlərdə bizimlə birlikdə olsunlar”, - Vernidub əlavə edib.
