Azərbaycan klubları futbol üzrə avrokubokların birinci təsnifat mərhələsində tarixi nəticəyə imza atıb.
İdman.Biz xəbər verir ki, bu mərhələdə mübarizəyə qoşulan ölkəmizin hər üç təmsilçisi ilk oyununda qələbə qazanmaqla yanaşı, qapısını da toxunulmaz saxlayıb.
Belə ki, Çempionlar Liqasında “Sabah” Uelsin “Nyu Sents” klubunu 2:0 hesabı ilə məğlub edib. Konfrans Liqasında “Zirə” Gürcüstanın “Torpedo” komandasını 3:0 hesabı ilə darmadağın edib. Avropa Liqasında isə "Qarabağ" İslandiyanın “Vestri” klubuna eyni hesabla qalib gəlib. Beləliklə, Azərbaycan təmsilçiləri ilk oyunlarda rəqiblərinə ümumilikdə səkkiz cavabsız qol vurublar.
Əvvəlki mövsümlərin nəticələri göstərir ki, tarixdə ilk dəfə üç Azərbaycan klubu avrokubokların birinci təsnifat mərhələsinə qələbə və qol buraxmadan başlayıb.
Buna bənzər yüzfaizlik nəticə 2017/18 mövsümündə də qeydə alınmışdı. Lakin həmin vaxt birinci təsnifat mərhələsində yalnız iki Azərbaycan klubu iştirak edirdi. “Zirə” Lüksemburqun “Differdanj “klubunu 2:0 hesabı ilə məğlub etmiş, Bakı “İnter”i isə Serbiyanın “Mladost” komandasını 3:0 hesabı ilə darmadağın etmişdi.
Qeyd edək ki, Azərbaycanın avrokuboklardakı dördüncü təmsilçisi “Neftçi” mübarizəyə Konfrans Liqasının ikinci təsnifat mərhələsindən başlayacaq.
