Patrik Andrade: “Azərbaycan çempionatında rəqabət ildən-ilə artır” - MÜSAHİBƏ

29 İyun 2026 19:00
107
Patrik Andrade: “Azərbaycan çempionatında rəqabət ildən-ilə artır” - MÜSAHİBƏ

“Bu mövsüm bütün komandalar üçün çətin keçəcək”.

Bunu “Araz-Naxçıvan” futbol klubunun kabo-verdeli yarımmüdafiəçisi Patrik Andrade AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- “Araz-Naxçıvan” klubuna yeni prezident və baş məşqçi təyin olunub. Sizcə, bu dəyişikliklər komandaya necə təsir edəcək?

- Ümid edirəm ki, yeni baş məşqçi və onun komandaya gətirəcəyi oyun fəlsəfəsi klub üçün faydalı olacaq. Hamımız birlikdə yaxşı nəticələr əldə etmək üçün çalışacağıq və yeni mövsümdə azarkeşlərimizi sevindirəcəyik.

- Yeni mövsüm üçün şəxsi hədəfləriniz nələrdir?

- Məqsədim ötən mövsümdən daha yaxşı çıxış etmək, komandama daha çox fayda vermək və mövsüm ərzində zədələrdən uzaq qalmaqdır. Hər zaman öz üzərimdə işləməyə və inkişaf etməyə çalışıram.

- Komanda ötən mövsümə uğurlu başlasa da, həmin tempi sona qədər qoruya bilmədi. Sizcə, bunun səbəbi nə idi?

- Bəli, mövsümə yaxşı başladıq və uğurlu nəticələr qazandıq. Amma futbol belədir. Bəzən mövsüm ərzində enişlər də olur. Təəssüf ki, həmin yüksək tempi sona qədər qoruyub saxlaya bilmədik. Düşünürəm ki, bu mövsüm həmin səhvlərdən nəticə çıxaracağıq.

- Ötən mövsüm çempion ola bilməyən “Qarabağ” yay fasiləsində bir neçə aparıcı futbolçusu ilə yollarını ayırıb. Yeni mövsümdə keçmiş komandanızdan hansı nəticələri gözləyirsiniz?

- Bəli, “Qarabağ” bəzi vacib futbolçularını itirib. Amma bu klubun hər zaman güclü heyəti və qalibiyyət ənənəsi olub. Düşünürəm ki, onlar yenə də iddialı olacaqlar. Ümumiyyətlə, bu mövsüm bütün komandalar üçün çətin keçəcək. Çünki Azərbaycan çempionatında rəqabət ildən-ilə artır və hər klubun keyfiyyətli futbolçuları var.

- Kabo-Verde millisi tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəldi. Komandanın çıxışını necə dəyərləndirirsiniz? Heyətdə yer almamağınız sizi məyus etdi?

- Bəli, komandamız tarix yazdı və bununla fəxr edirik. Yığma yaxşı futbol oynayır, uğurlu nəticələr qazanır. Əlbəttə, heyətdə yer almamağım məni bir qədər məyus etdi. Amma bu da futbolun bir parçasıdır. Qərarlara hörmətlə yanaşıram və komandadakı hər kəsə uğurlar arzulayıram. İnanıram ki, yenidən milliyə dəvət almaq şansım olacaq.

- DÇ-2026-nın pley-off mərhələsindəki rəqib mundialın favoritlərindən Argentina millisi olacaq. Sizcə, Kabo-Verde millisinin Lionel Messinin komandası ilə görüşdə sensasiya etmək şansı varmı?

- Argentina dünya futbolunun ən güclü komandalarından biridir. Belə komandaya qarşı oynamaq hər futbolçu üçün xüsusi motivasiyadır. Düşünürəm ki, maraqlı və gərgin oyun olacaq. Komandamız meydanda ən yaxşı oyununu göstərməyə çalışacaq. Futbolda hər şey mümkündür.

İdman.Biz