Maradona ilə işləmiş həmyerlimiz: “Azərbaycan futbolunun ən böyük bəlası snusdur” - MÜSAHİBƏ + FOTO

19 İyun 2026 12:11
102
Maradona ilə işləmiş həmyerlimiz: “Azərbaycan futbolunun ən böyük bəlası snusdur” - MÜSAHİBƏ + FOTO

Azərbaycan futbolunda 30 ildən artıq təcrübəyə malik olan həkim və fizioterapevt Rahim Məhərrəmov fəaliyyət göstərdiyi müddətdə ölkənin bir çox tanınmış klublarında çalışıb, həmçinin xaricdə iş təcrübəsi qazanıb.

O, futbolun görünməyən tərəfləri, klublarda tibbi xidmətin vəziyyəti, futbolçuların sağlamlıq problemləri, idman təbabətinin inkişafı və Azərbaycan futbolunda müşahidə etdiyi çatışmazlıqlarla bağlı fikirlərini futbolinfo.az-la bölüşüb.

Təcrübəli mütəxəssis müsahibəsində Dieqo Maradona ilə birgə işlədiyi dövrü xatırlayıb, yerli futbolun tibbi təminatındakı problemlərdən danışıb, həmçinin futbolçuların həyat tərzi, zədələrin səbəbləri və idman təbabətinin gələcəyi ilə bağlı maraqlı məqamlara toxunub.

Həmin müsahibəni təqdim edirik.

– Tibb sahəsinə marağınız haradan yarandı?

– Valideynlərimdən. Çünki atam və anam uzun illər tibb işçiləri olub. Elə gözümü açandan evdə bu sahəyə marağı görmüşəm. Qardaşlarım və bacımlarımdan heç kim tibb ilə məşğul olmasa da, mənim həvəsim çox olub. 1992-1993-cü illərdə Qarabağ müharibəsində könüllü iştirak etmişəm. Oradan qayıdandan sonra bacımın həyat yoldaşı olan və hamının tanıdığı Faiq Hüseynov məndə tibbə marağı daha da oyatdı. Həmin vaxt “Sumqayıt” klubunda işləyirdi. Onun yanında gedib-gəldikcə marağım artdı, özü də məni həvəsləndirdi, bu sahənin gözəlliyini başa saldı. 1993-cü ildə “Sumqayıt”da onun yanında çalışmağa başladım. Sonra isə əvvəlcə Tibb Texnikumunu bitirdim, ardınca Tibb Universitetinə daxil oldum. Eyni zamanda, “Sumqayıt”dakı işimi də dayandırmadım. O vaxt “Xəzər Sumqayıt” adlanırdı, sonra “Gənclərbirliyi”, ardınca “Sumqayıt” oldu. Yaranmış fasilədə – 1997-ci ildə “Neftçi”də çalışdım, ora da Faiq müəllimin köməyi ilə getdim.

– Hansı klublarda işləmisiniz?

– “Sumqayıt”da başladım, sonra “Neftçi”, “Bakı Fəhləsi” dönəmim oldu. Ardınca Ağasəlim Mircavadovun çempion etdiyi “Şəmkir”də 3 il çalışdım. “Skonto”nu məğlub etməklə Çempionlar Liqasında mərhələ adlayan ilk Azərbaycan təmsilçisi kimi tarixə düşdük. Sonra ölkə futbolunda fasilə yarandığı üçün futzala – “Turan AİR”ə üz tutdum. 2003-04-cü illərdə Dubayda işlədim, Faiq müəllimin köməyi ilə ora yollandım. 1 ildən sonra vətənə qayıtdım. Yeni yaranmış “Karvan”da Yunis Hüseynovla birgə 2 il çalışdım. Komanda UEFA Kubokunda “Spartak” (Trnava) səddini keçdi. Nədənsə belə uğurların bir hissəsi olmaq mənə qismət olub. “Karvan”dan sonra 2006-cı ildə “Neftçi”yə gəldim, 2009-da Dubaya qayıtdım. 2010-cu ildə yenidən vətənə üz tutdum. Yeni yaranmış “Abşeron”a Mirbağır İsayevin dəvəti ilə gəldim. 1-ci Divizion klubu olmasına baxmayaraq, böyük fizioterapiya otağı açmışdıq. Orada olan aparatlar elita təmsilçilərinin heç birində yox idi. Heyif ki, “Abşeron” bəzi səbəblərdən dağıldı. Yüksək səviyyəli klub yarana bilərdi. Nə deyirdimsə, həmişə şərait yaradılırdı. “Abşeron” dağılandan sonra həmin aparatlardan yollandığım “Neftçi”də bir xeyli müddət yararlandım. 2012-də “Qəbələ”yə üz tutdum, 3 il bu klubda işlədim. Bundan sonra futbolda bir müddət əlaqəmi pozdum, Cüdo Federasiyasının həkimi vəzifəsini yerinə yetirdim. Ardınca “Sabah”da 5 il çalışdım. Sonra da “Neftçi”nin dəvətini qəbul etdim.



– Zəngin karyeranız var. Ümumiyyətlə, tez-tez klub dəyişməyinizi nə ilə əlaqələndirmək olar?

– Əvvəllər maliyyə ilə bağlı idi, çünki çətinliklər çox idi. “Şəmkir”də işləyirdik, Ağasəlim müəllimin gedişi ilə mən də oranı tərk etdim. “Sabah”da yetərincə çalışdım, sonra yeni baş məşqçi öz komandası ilə gəldi. Futbolda hər an hansısa hadisələr baş verə bilər. Həmçinin şəraitə bağlı şeylərdir. Həkim bir şeyi istəməyəndə və ya şərait olmayandan sonra orada ona nə ehtiyac var ki? Həkimin əlinin altında dərman, ləvazimat olmalıdır. Bunlar olmasa, işləməyin də mənası yoxdur.

– Ölkə kənarında Dubayda şərait necə idi? Orada kimlərlə işləmisiniz?

– Birinci dəfə – 2003-cü ildə elə də güclü komandaya getməmişdim. Amma ikinci dəfə – 2009-2010-cu illərdə hamının tanıdığı, Dieqo Maradonanın çalışdırdığı “Əl-Vəsl” klubuna yollanmışdım. Oranın şəraiti də ayrı səviyyədə idi. Həmin dönəmdə Körfəz Kubokunun qalibi olduq. Bu uğurdan sonra şeyx özü komandanı qəbul etdi. Lakin övladımın təhsilinə görə Azərbaycana qayıtmağa məcbur qaldım. Çünki Dubayda təhsil çox baha idi, həm də rusdilli olduğu üçün orada alınmırdı.

– Maradona ilə münasibətləriniz necə idi?

– Onun öz dünyası var idi. Klubda hamı ilə danışdığını, maraqlandığını desəm, yalan olar. Gəlib məşqini keçir, deyib-gülürdü, sonra gedirdi. Köməkçiləri zədəli futbolçular və başqa məsələlərlə maraqlansalar da, özü bunu etmirdi. Baş məşqçi kimi peşəkarlıqdan bir az uzaq idi.

– Maradona o vaxt narkotiklə bağlı problem yaşayırdı?

– Bu barədə heç nə deyə bilmərəm. Davranışında heç bir qəribəlik hiss etmirdik.



– “Neftçi”dəki fəaliyyətinizi necə qiymətləndirirsiniz?

– Bu klubda şərait yüksək səviyyədədir. Həm həkim, həm tibbi heyət, həm müalicə üçün. Əsas məsələ zədələnən futbolçunun tez bərpa olunmasıdır. Bundan ötrü isə diaqnoz düzgün qoyulmalıdır, çünki oyunçunun aldığı zədənin mahiyyətini bilmək lazımdır. MRT, rentgen və s. olmalıdır. “Neftçi”də bununla bağlı heç bir problem yoxdur.

– “Sabah” ölkənin ən imkanlı klublarından biridir. Oradan ayrılmağınızın səbəbi nə oldu?

– 1 il öncə “Sabah” Vasili Berezutskinin başçılığı altında Azərbaycan Kubokunu qazandı. Bu mütəxəssislə birgə yüksək səviyyədə çalışdıq. Sonra o, postundan ayrıldı. Valdas Dambrauskas gələndə isə dedilər ki, öz heyətini gətirir. Səhv etmirəmsə, İspaniyadan olan həkimdir.

– Ümumiyyətlə, klublarda müayinə həkimi və fizioterapevt məsələsinə kim baxır?

– Peşəkar futbol klubunun daha yaxşı fəaliyyət göstərməsi üçün orada iki həkim, iki fizioterapevt, üç masajçı yer almalıdır. Bir həkim sırf terapevtik işlər – sağlamlıq, müayinə, hesabatlar və s. məşğul olmalıdır. İkinci həkim gücünü zədələrin mahiyyətini aydınlaşdırmağa, fizioterapiyanı yazmağa sərf etməlidir. Fizioterapevtin biri aparatlarla işləməli, digəri reabilitasiya məsələləri ilə məşğul olmalıdır. Səlahiyyətlər düzgün bölüşdürüləndə işlər də yaxşı gedir, heç bir problem olmur. Futbolçuların da təkrar zədə almaq riski azalır. Hazırda “Neftçi”də məhz belədir.

– Sizə nə vaxtsa “Qarabağ”dan təklif gəlib?

– Bu klubda işləmək eynilə futbolçular kimi, hər bir həkimin də arzusu olardı. Amma onların hazırkı ştatı çox yüksək səviyyədədir. Çox güman ki, ehtiyac duymayıblar. “Neftçi”dən ilk dəfə ayrıldığım zaman təklif olmuşdu. Düşündüm ki, “Neftçi”dən “Qarabağ”a keçməyim doğru olmaz. Söhbət 2008-ci ildən gedir.

– Bir sıra məşqçilərlə birgə işləmisiniz. Onların arasında ən yaxşı və ən pis mənada kimləri fərqləndirə bilərsiniz?

– Hər ikisi “Qəbələ”də çalışdığım vaxt olub. Gördüyüm ən peşəkar məşqçi Yuri Syomin idi. Onunla işləmək çox rahat idi, çünki sənə qulaq asır, anlayır. Yüksək səviyyəli mütəxəssisdir. Ən axmağı, insafsızı isə Roman Qriqorçik idi. Nə adamlığı, nə də peşəkarlığı vardı. Heç nəyə qulaq asmaq istəmirdi, öz bildiyini edirdi. Onu məşqçi kimi də qəbul etmirdim. Bir də Murad Musayevi fərqləndirərdim, əla mütəxəssisdir.

– Futbolçuların tibbi müayinəsi ilə bağlı Azərbaycanda vəziyyət necədir?

– Bu, klubların səviyyəsindən asılıdır. Bəzi təmsilçilərimiz sözügedən məsələyə çox ciddi yanaşır. Belə də olmalıdır, xüsusən də ölkəmizə ilk dəfə gələn oyunçular daha dərindən yoxlanılmalıdır. Sağlamlıq elə bir şeydir ki, bunu heç nəylə əvəzləmək və ya almaq olmaz. Bəzi klublarımız isə sırf AFFA-nın tələbini yerinə yetirmək, futbolçunu qeydiyyatdan keçirmək üçün hər hansısa yerdə imza çəkdirir ki, təki sənəd hazır olsun. Sonra böyük fəsadların yarana bilər: virus, infeksiya, həmçinin ürək və ya daxili orqanlarla bağlı problem. Gələn oyunçunu mütləq tam müayinədən keçirmək lazımdır. O qədər xəstə futbolçular gəlir ki… Məsələn, bəzilərində ürək çatışmazlığı ola bilər. Əslində, qaradərili futbolçularda belə problemlər daha çoxdur. Bu məsələyə tam diqqət etmək lazımdır ki, sonra meydanda ölüm hadisəsi baş verməsin.

– 2023-cü ilin mayında “Qarabağ-2”nin məşqində huşunu itirən 20 yaşlı futbolçusu Şirxan Həsənzadə vəfat etmişdi. Bu, müayinənin lazımi səviyyədə aparılmamasının nəticəsidir, yoxsa sonradan yarana bilən problemdir?

– Yox, bu, tam ayrı məsələ idi. Belə desək, oyunçunun həyat tərzinə uyğun hadisə yaşanmışdı. Təəssüf ki, bizim gənclər kortəbii surətdə energetik içkilərdən istifadə edir, yuxu rejiminə və yemək qaydasına riayət etmir. Bu da onun nümunəsi idi. Orada heç bir həkim səhvi yox idi, sadəcə insan gecəni yatmayıb və energetik içki qəbul edib məşqə gəlirsə, belə hadisə baş verə bilər.

– Bəzən klublarımız elə futbolçular alır ki, mövsümün gedişində zədə problemləri yşanır. Bu, tibbi yoxlanışda olan nöqsanlarla bağlıdır?

– Hərdən oyunçular yüngül zədəylə gəlir, lakin transferi rəhbərlik və ya baş məşqçi tərəfindən çox istənildiyi üçün buna göz yumulur. Deyirlər ki, heç nə olmaz, müqavilə imzalayaq. Həkim təcrübəlidirsə, bunu hazırladığı hesabatında qeyd edir. Aylar keçdikcə yüklənmələr öz təsirini göstərir və futbolçunun zədələri təkrarlanır. Gizlətməyəcəm, mənim başıma da gəlib. Baş məşqçi və ya rəhbərliyin tələbiylə hansısa problemli oyunçuları götürmüşük. Elə hazırda da davam edir.

– Sizcə, klub rəhbərliyi və ya baş məşqçi bunu hansı səbəbdən etsinlər?

– Ya futbolçu həddindən artıq istedadlı olur, adına görə bəzi problemlərini yola verirlər. Ya da ki, həqiqətən bərpa olunacağına ümid edirlər. Həkim sözünün üstündə dayansa, dirəniş göstərsə, klub üçün bunu reallaşdırmaq çox çətin olur.

– Hansısa oyunçunu sizin qəti fikrinizdən sonra yola salıblar?

– Əlbəttə, ürəyində və ya dizində problemi olan futbolçular gəlib. Rəhbərliyə və ya baş məşqçiyə başa salırsan ki, heç cür mümkün deyil, bu oyunçu sizə kömək edə bilməyəcək, transfer etməyin heç bir mənası yoxdur.

– Komandalarda baş məşqçilər daha həssas kateqoriyaya aiddir. Məsələn, Avropa futbolunda hətta mövsümün gedişində həkimləri günahkar çıxarıb göndərdiklərini görürük. Azərbaycanda bu planda vəziyyət necədir?

– Peşəkar idman həkimlərimizin sayı onsuz da çox azdır. Ağsaqqalımız, canlı əfsanəmiz Boris Xetaqurovun xidmətindən istifadə etmək olardı. Hər klub onu seminar keçirmək məqsədilə dəvət edə bilərdi. Ya da AFFA-nın təşkilatçılığı ilə. Rəhmətlik Murad Mərdanlı çox güclü həkim idi. O, mənim müəllimim olub. Ancaq dediyim kimi, idman həkimlərimizin say az olduğu üçün klublarımız onları qovsa, kimi gətirəcək? 4-5 həkimimiz klubdan-kluba keçir.

– Yeri gəlmişkən, Boris Xetaqurov vaxtilə “Neftçi”dən o şəkildə göndərilməsi haqda nə düşünürsünüz?

– Xetaqurov peşəkar həkimdir və tələbləri tam başqadır. Hər klub bunu yerinə yetirə bilmir. Söhbət maliyyədən deyil, işin qurulması, texniki təchizat və s. gedir. Klublarımız Xetaqurovu hazırda hətta daimi işə götürməsə belə, seminarlara dəvət edib böyük təcrübəsindən yararlanmağa dəyər.

– Bəlkə, məsələ Xetaqurovun yaşının çox olması və ya müasir tibbin inkişafındadır?

– Tibbdə böyük dəyişikliklər yoxdur. Zədələrin müalicəsindən danışırıqsa, əksinə, bu proses indi daha da sürətlənib. Əlimizdə olan texniki təchizatla diaqnozu daha tez qoymaq mümkündür. Xetaqurov tibbi sistemin quruluşu, iş prosesi, dərman preparatların qəbulu haqda çox faydalı məlumatlar verə bilər. “Neftçi” bu gün də onun qurduğu işlə yola davam edir.

– Xetaqurovun ötən ay baş tutan “50 il futbolda” kitabının təqdimatında olmusunuz? AFFA-dan heç kimin bu tədbirə qatılmaması barədə nə düşünürsünüz?

– Bəli, olmuşam. AFFA-nın işinə qarışmaq istəmirəm. Sadəcə, heyif ki, Azərbaycanda futbolun tam mahiyyətini anlamırlar. Futbol tək oyunçular, məşqçilər və funksionerlərdən ibarət deyil. Futbolçunun klubda dərdləşdiyi insan həkimdir. Valideynlərinə deyə bilmədiyi sözləri gəlib sənə söyləyir. Oyunçunun matça hazırlaşmasında həkimdən çox şey asılıdır. Söhbət federasiyadan deyil, ilk növbədə klublardan gedir. Bir çoxları düşünür ki, maaşı vaxtında ödəmək yetərlidir, qalan şeylər düzələcək.

– Faiq Hüseynovun kənarda qalmasının səbəbi nədir?

– Bu da Azərbaycan futbolunun daha bir bədbəxtçiliyidir. İstənilən klubumuzda işləyə biləcək onun kimi insanı kənarda saxlayıblar. Faiq müəllimin hətta milli səviyyəsində çalışmalı olduğunu deyərdim. Yığmamızda belə peşəkarlara daha çox ehtiyac var. Klubda gündəlik işə gedib-gəlməyə fiziki vəziyyəti imkan verməyə bilər, ancaq milli həm də sanbalına görə ona daha uyğun yer olar. Heyif ki, federasiya belə şeyləri nəzərə almır. Faiq müəllimin bu gün hansısa klubda və millidə işləmək tam haqqıdır.

– Faiq müəllim bir müddət digər federasiyalarda çalışdı…

– Bəli, “Neftçi”nin basketbol komandasında işlədi, çox yaxşı nəticələr də verdi. Sadəcə, orada məşqçi dəyişikliyindən sonra hər şey dəyişdi. Dediyim kimi, klubların təşkilində peşəkarlıq çox zəifdir. Kimsə rəhbər postu tutursa, ətrafına öz adamlarını yığmağa çalışır. Peşəkarlıq qıraqda qalır, gətirdiyi insanın həmin işi bacarıb-bacarmadığı onun vecinə olmur. Əsas odur ki, öz adamı olsun və məlumatları ona vaxtında çatdırsın.

– Bir neçə gün əvvəl “Arsenal”ın baş həkimi Zəfər İqbalı istefaya göndərdilər. Səbəb kimi futbolçuların mövsüm boyunca zədələrdən əziyyət çəkməsi göstərildi. Azərbaycanda son illərdə bu aspektdə hansısa klublarda narazılıqlar olub?

– Yetərincə. Çünki klubdakı həkimlərin hamısı bu sahəsinin peşəkarları deyil. İdman həkimi tam başqadır. Məsələn, terapevtlə bir yerdə oturanda sözümüz, yanaşmamız uyğun gəlmir. İdmançının əzələ sistemi, orqanın münasibəti, qan dövranı, ürək döyüntüsü fərqlidir. Hansısa zədəli futbolçunu adi həkimin yanına aparsaq, deyəcək ki, nəinki qaça, yeriyə bilməz. Amma əzələ sisteminə, analizlərinə baxanda görürsən ki, bu gün problemi olsa da, bir müddət sonra davam edə bilər.

– Klubda zədə epidemiyası yüklənmələrə görə ola bilər? Bu durumda baş məşqçi, yoxsa həkim günahkardır?

– Hər ikisi, çünki bir-birinə qulaq asmırlar. Belə vəziyyətdə artıq işlər yaxşı getmir. Bəzi məşqçilərimiz var ki, futbolçuları kortəbii yükləyir. “Oynadığım vaxt belə idi, mən də bu üsula əl atacağam” düşüncəsi ilə hərəkət edirlər. Lakin bu, doğru deyil, çünki futbol dəyişib. Müasir oyunçular da sərt yüklənmələri sevmir, bəziləri bunun düzgün olmadığını dərhal anlayır, gəlib həkimə şikayət edir. Hazırda elə proqramlar çıxıb ki, yüklənmənin səviyyəsini göstərir. Həkim baş məşqçiyə məlumat verməli, intensivliyin azalmasını tələb etməlidir. Başa salmalıdır ki, filan futbolçular bu gün də o cür məşq etsələr, əzələ problemi yaranacaq. Yorğunluq amili var, bədəndə bəzi turşuların səviyyəsi qalxır və s. Həkim bunların hamısını görür. Zədə epidemiyası məhz baş məşqçi ilə həkimin bir-birinə qulaq asmaması ilə bağlı olur.

– Ciddi zədə alan futbolçularımızın tez-tez Almaniyaya və Avropanın başqa aparıcı ölkələrinə göndərildiyini görürük…

– Birincisi, klubun maliyyə vəziyyətdən asılı olan məsələdir. İkincisi, bəli, elə sahələr var ki, bizdə bir qədər zəif inkişaf edib. Əslində, burada əməliyyat edə bilərlər, ancaq onda da bərpa müddəti uzun çəkəcək. Məsələn, bütün dünya futbolu bilir ki, oyunçunun ayağında axil vətəri qopubsa, Finlandiyadan olan həkimə müraciət etmək lazımdır. O, işini çox super bilir və futbolçunu tez sıraya qaytarır. İmkanlı klublar və ya millilər oyunçusunu ora yollamağa çalışır. Əməliyyatın düzgün keçməsi bərpa prosesinə çox kömək edir. Azərbaycanda yaxşı həkimlər var, onların xətrinə dəymək istəmirəm. Amma onların əməliyyatından sonra futbolçuların bərpası çox çəkir. Çünki metodikaları idmana uyğun deyil.

– Bizim həkimlərin Avropadakı həmkarlarından geri qalması təhsil, yoxsa şəraitlə bağlıdır?

– İlk növbədə praktika ilə əlaqəlidir. Eyni zamanda, bəli, Avropadakı həkimlər inkişaf edir. İstisna hallar da olur. Məsələn, bir federasiyamız Almaniyadan olan bir həkimlə danışıb və idmançıların bütün əməliyyatlarını ona tapşırıb. Əməliyyatların da 90 faizi səhv həyata keçirilib. Bizimkilərin bu işdə marağı nədir? Bu, artıq başqa sualdır.

– Toni Adams “Qəbələ”də işlədiyi vaxt ürəklə bağlı problem yaşamışdı. Azərbaycanlı həkimin müdaxiləsi ona çox kömək etmişdi. Hətta Adams sonra İngiltərədə ölkəmizdə belə bir mütəxəssislərin olduğunu da söyləmişdi…

– Bu, tam ayrı sahədir. Əlbəttə, əla həkimlərimiz var. Ürək metodikası Azərbaycan tibbində ən üst yerlərdən birini tutur. Ölkəmizdə bəzən elə əməliyyatlar həyata keçirilir ki, Avropada bunu çətinliklə edirlər. Orada da həkimlərin hamısı güclü deyil. Almandırsa, 100 faiz yaxşı həkimdir mənasına gəlmir.

– Həkimlərimizin səhvindən hansısa futbolçularımız karyeralarını erkən bitirib?

– Çox olub. Əsasən də ön çarpaz bağı əməliyyatı çətin sayılır. Son zamanlar bunu az qala bütün cərrahlar edir, heç biri “yox” demir. Lakin hesablamanı o qədər düzgün aparmaq lazımdır ki, oyunçunun sonrakı karyerasında problem yaranmasın. Təəssüf ki, belə hallar çox baş verib.

– Fizioterapiya nöqtəyi-nəzərindən idman növləri arasında ən çətini hansı sayılır?

– Kontakt idman növləri. Cüdoda sevmədiyim iki fənd var: boğucu və ağrıdıcı. Çünki bunlar sağlamlığa ciddi ziyan vurur. Ağrıdıcı fəndə görə karyerasını erkən bitirən o qədər cüdoçu var ki… Təslim olmaq istəmir, rəqib də əlini sındırır. Ya da gözləyir ki, boğulsun. Belə şey olar? Cüdo Federasiyasının həkimi kimi beynəlxalq seminarlara getdiyim vaxt boğucu fəndin yığışdırılmasını təklif etmişdim. 16-17 yaşlı yeniyetmə özünə sığışdırmayıb təslim olmaq istəmir, huşunu itirir. Sonra da onu ayıltmaq lazım gəlir. Özünə gələnə kimi də beyin hüceyrələrinin bir hissəsi məhv olur.

– Peşəkar boks və UFC-nin də ziyanlı idman növləri olduğunu qəbul edirsiniz?

– Buna görə bunları idman saymıram. Küçədə kimisə döysəniz, necə olacaq? Saxlanılaraq məsuliyyətə cəlb ediləcəksiniz. UFC ümumiyyətlə cinayətdir. Sadəcə, insanlar döyüşlərə baxmaqdan ləzzət alır. Bu, idman növü deyil.

– Deməli, həmin sahədə çalışan həkimlər ora sırf pula görə gedir?

– Həkim peşəkar olmalıdır, onun üçün əsas insan sağlamlığıdır. Bu, onun iş yeridir. Onsuz da hər bir həkim pul müqabilində işləyir. Lap futbolu götürsək, əməkhaqqı olmasa, kimdir bu sahədə çalışan? Zəmanə elədir ki, hamı pula gedir.

– Sizə astronomik maaş təklif etsələr, həmin sahədə çalışarsınız?

– Niyə işləmirəm ki? Lap bu sahəni sevməsəm belə, bu da işdir. Belə baxsaq, ağırlıqqaldırma da bel və diz nahiyəsində çox böyük fəsadlar yaradır, boks isə ən ağır idman növlərindən biri sayılır.

– Azərbaycan klublarında çalışan həkimlərin qazancı nə qədərdir?

– Bu, klubun səviyyəsindən asılıdır. “Qarabağ”, “Neftçi”, “Sabah” – heyətin dəyəri nə qədər yüksəkdirsə, tibbi heyətin də bir o qədər bahalı olmalıdır. Premyer Liqa təmsilçisində çalışan həkimin aylıq maaşı 1000-1500 manatdır.

– Bə, Birinci Liqada vəziyyət nə yerdədir?

– Bərbad. Oradakı əksər klublar heç fizioterapevtin nə olduğunu bilmirlər. Bir həkim saxlayırlar, o da oyun vaxtı gəlib meydanın kənarında dayanır. Tibbi heyətdən danışmağa ehtiyac yoxdur. Son mövsümü götürsək, istisna kimi Premyer Liqa təcrübəsi olan “Səbail”i və elitaya vəsiqə qazanan “Şəfa”nı göstərmək olar.

– Lisenziyalaşdırma prosesində belə məsələlər nəzərə alınır?

– Əlbəttə. Hər klubun sifariş ərizəsində həkim yer almalıdır. Ancaq nəzarət mexanizmi istənilən səviyyədə deyil.

– Məşqçilər uşaqları güləş, boks və s. idman növlərinə qəbul edəndə onları nə dərəcədə yoxlanışdan keçirir?

– Məşqçi valideynlərdən tibbi arayışı tələb etməlidir. Təəssüf ki, bəzi valideynlər səhlənkar davranaraq hansısa tanışı sayəsində lazımi sənədə qol çəkir. Uşağın sağlam olduğunu düşünür, onun daxili orqanlarının nə vəziyyətdə olduğunu bilmirlər. Burada əsas məsələ valideynlərdən asılıdır. Uşağın tam müayinəsində ilk növbədə onlar maraqlı olmalıdır ki, sabah fəsad yaranmasın. Təbii ki, məşqçinin də üzərində məsuliyyət var, amma o, gətirilən kağızın necə imzalandığını bilə bilməz.

– Karyeranızın müəyyən dönəmində Dubayda işləmisiniz. Bizim idman həkimlərin və fizioterapevtlərin ölkə xaricinə çıxmaq imkanları nə qədərdir?

– Rahatlıqla xaricdə işləyə biləcək idman həkimlərimiz və fizioterapevtlərimiz var. Bu, böyük problem deyil. Əsas tələblərdən biri də dil bilməkdir. Sənə yaradılan şəraitə uyğun müalicə etməlisən. Başqa nəsə çətinlik yoxdur. Müalicə protokollarını bilirsənsə, nə problem olacaq ki? Həkimin öz istəyi və qarşısına qoyduğu hədəfdən asılıdır.

– Futbolçular və baş məşqçilər xaricə agentlərin vasitəsilə yollanır. Bəs, həkimlər?

– Kortəbii alınan məsələ deyil. Mən o vaxt Faiq müəllimin köməkliyi ilə getmişdim. O, məni tövsiyə etmişdi. Xaricdə çıxış edən hər hansısa futbolçumuz və ya baş məşqçimiz də məsləhət görə bilər. Eyni zamanda, idman həkimlərinin də agenti olur.

– Sizə BƏƏ-dən başqa hansısa xaricə ölkədən dəvət gəlib? Bunun üçün çalışmısınız?

– Yox, cəhd etməmişəm. Açığı, həmin təcrübədən sonra bir daha xaricə çıxmağa həvəsim də olmayıb. Azərbaycanda o qədər iş oldu ki, yenidən hansısa ölkəyə üz tutmaq ağlıma gəlmədi. Əlbəttə, xaricdə qazanc daha yaxşıdır, lakin ailə, mühit, dostlar kimi amillər var. İnsan yaşlandıqca buna tələbat daha da artır.

– Hansı idmançı və ya futbolçu ilə işləmək sizə daha rahat olub? Kiminlə çalışmaq isə daha problemli idi?

– Fərqli alınıb. Məsələn, cüdoda tam başqa ab-havadır, çünki zadəgan idman növü sayılır. Ümumən götürsək, hər idmançını korlaya biləcək maliyyə məsələsidir. Daha çox pul görəndə danışıq qabiliyyəti, hərəkəti başqa ola bilər. Elə idmançı da var ki, dəyişmir. Yetərincə idmançımız simasını qoruyub, pul onları dəyişməyib. Təbii ki, dəyişənlər də olub. Allaha şükür, pis münasibətdə olduğum futbolçumuz yoxdur.

– Bəs, yaxın dostluq etdiyiniz kimlərsə var?

– Uzun illər dostum olan Zaur Tağızadə. O, boş yerə “Qızıl oğlan” ləqəbini almayıb. Bu insanın xasiyyəti, xarakteri, hərəkəti illər keçsə də, dəyişməyib. Gənc nəsildən də çox yaxşı münasibətdə olanlar var. “Qəbələ”də işlədiyim müddət 15, 16, 17 yaşı olan yeniyetmələr artıq böyüyüblər. Onlarla görüşüb danışırıq, çay içirik. O vaxt axşamlar Qəbələ rayonunda nə edirdik? Hamımız yığışıb söhbət edirdik, onlara çox şeyləri başa salırdım. Tibbi bir kənara qoyub həyatdan söhbətləşirdik. Bu gün Elvin Camalovla birgə “Neftçi”dəyik, həmin illəri yada salıb gülürük. “Qəbələ” akademiyasında o qədər saf uşaqlar var idi, elə gözəl bünövrə qoyulmuşdu ki, müasir Azərbaycan futbolunun əsasını onlar təşkil edir.

– “Qəbələ” akademiyasının fəaliyyətini dayandırmağı yəqin ki, sizə çox pis təsir etdi…

– Əlbəttə, mənə də çox pis təsir etdi, Azərbaycan futboluna da ziyan vurdu. 10 ildən sonra futbolçuların haradan və necə yetişəcəyini düşünsək, çox böyük suallar yaranır.

– Millimiz çox böyük uğursuzluqlarla üzləşir, bugünlərdə San Marinoya çətinliklə qalib gəldik. Ağır məğlubiyyətlər, zəif nəticələr, ciddi tənqidlər bu komandanın psixoloji durumuna necə təsir edir?

– Futbolçu üçün hansı rəqiblə qarşılaşdığı fərq etmir, istənilən məğlubiyyət pis təsir göstərir. Ancaq gəlin belə deyək, nəinki milli üzvünü, adi uşağı hər dəfə danlasan və şillələsən, o, vaxt keçdikcə sırtıqlaşır. Bizim azarkeşlər və jurnalistlər də millimizi o qədər tənqid edib ki, artıq futbolçuların dünya-aləm veclərinə deyil. Vəziyyət bu həddə gəlib. Tənqid az və düzgün olanda oyunçuya təsir edir. Çünki onların hamısı mətbuatda yazılanı ciddi izləyir. Əslində, komandanın yaxşı oynadığı və əziyyət çəkdiyi matçlar olub, amma hətta həmin görüşlərdən sonra da tənqid ediliblər. Oyunçunu heç olmasa arada tərifləsən, nəyə görə meydanda can qoyacağını bilər.

– Azarkeşləri ən çox yandıran futbolçuların bu qədər pul qazanmasıdır…

– Bu məsələdə oyunçuların nə günahı var? Onlar yalvarmayıb ki, bizə bu qədər pul ödəyin. Mükafat verilməsin, görək kimsə futbola gələcək? Futbolçularımızın bacardığı budur. Belə tənqid doğru yanaşma deyil.

– Bir idmançının zədəyə meyilli olması, digərinin isə ümumiyyətlə zədələnməməsi nə ilə bağlı olur?

– Genetik deyil, sırf futbolçunun həyat tərzi ilə əlaqəli olan şeydir. Zədənin səbəbinin düz tapılmamağın da rolu var. Dişdə olan adi karies və ya çanaqda yerdəyişmə zədənin yırtılmasına gətirib çıxara bilər. Qoyulan səhv diaqnoz və ya müalicənin tam alınmaması zədənin xroniki hala keçməsinə səbəb olur. Burada da birbaşa klub rəhbərliyi, baş məşqçi və həkimin günahı var. Məsələn, onu ağrıkəsicilərin hesabına meydana buraxırlar ki, bu oyunu yol ver, sonrasına baxarıq.

– Bir neçə ay əvvəl Zaur Ramazanov mənə verdiyi müsahibəsində demişdi ki, karyerasında ciddi zədə almayıb…

– Zaurun bədən quruluşu, əzələ sistemi həddindən artıq möhkəm idi. Kimsə onun rejimə tam riayət etmədiyini söyləyə bilər. Lakin elə deyil, məşqlərə çox ciddi diqqət ayırırdı. Artıq təmrinlər etmirdi, bədən quruluşu da hər səhər oyanıb qaçmasına imkan vermirdi. Ancaq sırf özünə lazım olan məşqləri edirdi. Zaurun yüngül zədələri olub ki, bu da ciddi sayılmamalıdır.

– Futbolçuların yuxu rejiminə əməl etmədiyinə görə ciddi zədələrlə üzləşmək problemi olur?

– 100 faiz, birbaşa təsir edir. 8 saatlıq yuxu rejiminə riayət etməmək orqanizmin düzgün işləməməsinə gətirir. Belə futbolçularımız çoxdur. Hətta gənc idmançılarımızın 90 faizi bu problemdən əziyyət çəkir. Yatmırlar, səhər də oyanıb key kimi gəlirlər.

– Uşaq futbolunda sintetik meydançalarla bağlı nə düşünürsünüz?

– Dəhşət, faciədir. Sintetik meydança ola bilər, amma keyfiyyəti yüksək olmalıdır. Sırf asfalt üzərinə qoyulan sintetikadan nə gözləyirsiniz ki? Hələ uşağı utanmadan butsla məşq etdirirlər. Osqud-Şlyatter deyilən xəstəlik var, 11-13 yaşlı uşaqlarda daha çox rast gəlinir. Sümük birləşməsi gecikir, bu da böyük fəsadlara gətirir. Uşaqların böyüməsi, boyunun qısa qalması və s.

– Uşaqlardan danışırıq, lakin hətta Misli Premyer Liqasında bəzi klubların süni meydançada oynadığını görürük.

– Yenə deyirəm, sintetika UEFA-nın tələblərinə tam cavab verirsə, heç bir problem yaranmır. Bu, yağışla və s. hava şəraitində futbolçuları da qoruyur. Süni meydançanın salınma şərtləri var. Altında amortizasiyası olmalıdır ki, yumşaq olsun. Yoxsa ki, birbaşa asfaltın üzərinə salınırsa, təbii ki, fəsadları qaçılmazdır.

– Karyeranız boyunca qarşılaşdığınız ən maraqlı və ya çətin hadisə hansı olub?

– Pis hadisələrdən biri Bakıdakı cüdo yarışında yaşanmışdı. Boğucu fəndə düşən idmançını 7 dəqiqə sonra güclə ayıltmışdım! İndiyə qədər yadımdadır… Baş həkim kimi qıraqda kostyumda dayanmışdım, döşəyə çıxmırdım. Ancaq həmin an özüm müdaxilə etməyə məcbur oldum. Həmin idmançı artıq ölümlə üz-üzə idi. Ən gülməli hadisəyə gəlincə, xətrini çox istədiyim futbolçu rəqib komandada oynayırdı, mən də qıraqda həkim kimi oturub ona zarafatca dedim ki, mənə görə cinah asmasını əyri ver. O da topu qapının arxasına göndərib cavab verdi ki, sənə görə belə etdim (gülür).

– İdmançı ilə adi pasiyent arasında tibbi yanaşma baxımından hansı fərqlər var?

– Tam başqa şeylərdir. Diz zədəsi ilə gələn adi pasiyentə idmançıya verdiyin yüklənməni verə, vurduğun iynəni vura bilməzsən. Bilirsən ki, gündəlik yerimək üçün bərpa olunmaq istəyir. Adi pasiyent səni həkim olaraq görür, səninlə söhbət edir və ümid istəyir. Amma futbolçu səni həkim və dost görür. Biz sutkanın 24 saatı bir yerdə oluruq. Təlim-məşq toplanışında dərdləşirik, tibb qalır kənarda, dostluq münasibətləri yaranır. Bu gün də mənə zəng edirlər ki, haradasan? Görüşüb söhbətləşmək, dərdini danışmaq, kömək istəyir.

– Elə futbolçular var ki, onlardan küsülü olmusunuz?

– Təbii ki, var. Sayları çox deyil, deyərdim ki, elə bir nəfərdir.

– Son illərdə idman təbabətində hansı yeniliklər daha çox diqqətinizi cəlb edib?

– Ən son nailiyyət yeni aparatların çıxmasıdır. Futbolçunun daha sürətlə müalicəsinə kömək edir. Yüksək intensivlikli maqnitoterapiya, başqa sözlə SİS aparatı. Mən “Neftçi”yə gələndən sonra klubdan alınmasını xahiş etdim. Düzdür, qiyməti yüksəkdir, lakin bundan sonra zədələrin sayı xeyli azaldı. Üstəlik, əməliyyatların keyfiyyəti artıb. Ön çarpaz bağları qopandan sonra ora qoyulan implantlar və metodlar dəyişdiyi üçün bərpa prosesi sürətlənib. Əvvəllər 6 ay idisə, indi 4-5 ay çəkir.

– Dünya fizioterapiyasında istifadən olunan hansı metodların Azərbaycanda daha geniş yayılmasını istəyərdiniz?

– Klub rəhbərliyi və baş məşqçi heyətinin bəzi məsələlərdə anlayış göstərməsini. Məsələn, əməliyyatdan sonrakı bərpa müddətini tezləşdirməyin ciddi riskləri var. Onları da anlayıram, futbolçunun daha tez qayıtmasını arzulayırlar, həm də ortada maliyyə məsələsi var. Ancaq ehtiyatlı olmaq lazımdır. Yaxşı olar ki, bizdə də xarici klublardakı metodika ilə yanaşılsın.

– Son illərdə zədələrin xarakterində dəyişikliklər müşahidə olunur?

– Əvvəllər adi menisk zədəsindən sonra futbolçunun bərpasını aylarla gözləyirdinsə, indi artroskopiya üsulu mövcuddur.

– Ağır zədələrə görə karyerasını 28 yaşında başa vuran Marko van Basten indi oynasaydı, tez müalicə olunardı?

– Əlbəttə, yeni metodika ona kömək edərdi.

– İdmançılar hansı səhvləri səbəbindən daha çox zədə alırlar?

– Rejimə riayət etmədiklərinə görə.

– Kristian Eriksenin bu yaxınlarda yenidən meydanda ürəyi tutdu. Sizcə, bu, həkim səhvi, yoxsa öz məsuliyyətsizliyidir?

– Mən bunu həkim səhvi kimi görürəm. Eriksen kardiostimulyatorla oynayır. Bu da elə bir şeydir ki, vaxtında yükləməyə qoyulmalı, enerji yığmalıdır. Həkim nəzarətindən yayına bilərdi. Bununla risk etmək olmaz.

– Siqaret və içkinin Azərbaycan futbolundakı yeri haqda nə deyə bilərsiniz?

– Bərabər getdiyini söyləmək olar. Təbii ki, bütün oyunçularımızın siqaret çəkdiyini və ya içki içdiyini deməzdim. Hətta qəlyanı da onlarla bir sıraya qoyardım. Çalışırıq ki, futbolçulara bunun zərərli olduğunu başa salaq. Amma Azərbaycan futbolunun bu gün ən böyük fəlakəti nə siqaret, nə içki, nə də qəlyandır. Ən böyük problem snusdur (tüstüsüz tütün məmulatının bir növü, xırdalanmış və nəmləndirilmiş tütündən ibarətdir – T.M.). Dodaqla diş əti arasına qoyulur. Bizim oyunçular arasında artıq çox geniş yayılıb. Bunu ölkəmizə xaricilər gətirib, bizim gənclər də artıq meyillənib. Snus barədə heç kim danışmır, lakin Azərbaycan futbolunu böyük fəlakətə aparacaq. Hətta artıq gətirdiyini deyə bilərik.

– Çox yemək yeyən futbolçularımız da var…

– Bəli, yarımfabrikatlara, “McDonald’s” yeməklərinə, “Coca Cola”ya üstünlük verənlər. Sonra hormonları pozulur. Oğlan uşaqlarına bunları heç məsləhət görmürəm. Toyuğun döş ətindən kütləvi istifadə olunur, bu da hormonlardır. Sonra böyük fəsadlar yarananda artıq gec olur.

– Dopinqlə bağlı bizdə nəzarət necədir?

– Yüksək səviyyədədir. Futbol komandalarında kortəbii istifadə etməsinlər deyə, onlarla danışırıq. Adicə suyu içində də ehtiyatlı olsunlar. Dopinq elə bir şeydir, hər il siyahı yenilənir və yeni dərmanların adı salınır. Bir neçə il əvvəl məşhur tennisçi Mariya Şarapovanın da “ilişdiyi” mildronat məsələsi ortaya çıxdı. Halbuki onun tərkibində heç bir dopinq yoxdur. Niyə siyahıya daxil etdilər? Çünki postosovet ölkələri bu preparatdan istifadə edirdi. Peşəkar klubda həkimin icazəsi olmadan oyunçunun başağrı dərmanı içməsinə də icazə yoxdur.

– Sizcə, bir idmançının uğurunda həkimin payı faizlə nə qədərdir?

– Bunu heç kim boynuna almaq və demək istəmir. İdmançı ən yüksək səviyyəyə çatanda həkim və fizioterapevt ən sonda yada salınır. Ancaq gecə saat 3-4-də zəng etdikləri ilk insan həkim olur. Bu, təkcə futbolçularımızda deyil, ümumən psixologiyamızla bağlıdır. Xaricdə buna münasibət fərqlidir. Bizdə də bəzən oyunçular qol vuranda həkimə həsr edir, qucaqlayır. Amma ümumən klub səviyyəsində ən sonda xatırlanan həkimdir.

– Azərbaycanlı idmançıların sağlamlığı ilə bağlı həllini gözləyən ən vacib problem hansıdır?

– Ən böyük problem idmançılarımızın özlərinə olan münasibətidir.

– Baş məşqçilərin ən çox etdikləri tibbi səhv kimi hansını göstərə bilərsiniz?

– Zədədən sonra bərpa olunan futbolçunu meydana tez qayıtmağa məcbur etməkləri.

– Azərbaycanda idmançılar sağlamlıqlarına kifayət qədər diqqət ayırırlar?

– Xeyr.

– Tibb Universitetimizin bu sahədə mütəxəssis yetişdirməsi mümkündür?

– Bəli, İdman Akademiyası ilə birgə 5 ildən çoxdur bu yöndə açdıqları fakultə var. İdman fizioterapevtlərini yetişdirirlər, təhsil verirlər. Lakin onların da praktikası az olur. Təkcə oxumaqla deyil, klubun içində olmalısan. Kitabla praktika ayrı şeylərdir. Məsləhət görərdim ki, 2-ci, 3-cü kursda oxuyan həmin tələbələri praktikaya klublara göndərsinlər. Təəssüf ki, hazırda onlardan yararlanmırlar. Klubun içində olsalar, sabah universiteti bitirəndə mütəxəssis olacaqlar.

– Buna həvəs göstərən gənclər var?

– Var, mənə müraciət edənlər də olur. Adını unutduğum mətbuat işçisi zəng etdi ki, oğlu yanıma gəlsin. 3-4 ay baxıb öyrəndi, ən azından məlumatı oldu. Ancaq bu, dövlət, akademiya səviyyəsində olmalıdır. Yoxsa ki, onları kluba kim götürəcək? Tələbələri pulsuz praktikaya göndərmək, onları həvəsləndirmək lazımdır. Həftənin 6 günü təhsildirsə, 2 günü praktikaya yollamaq olardı. Hansısa sağlamlıq mərkəzinə göndərə bilərlər, amma klub ayrı səviyyədir.

– Tibbdən əlavə hobbiniz nədir?

– Heyvansevərəm. Hobbi də deməyim, zəif yerimdir. Küçədə ac heyvan görəndə belə şeylərə ürəyim həssasdır. “Sabah” rəhbərliyi sağ olsun, orada işlədiyim vaxt həmin şəraiti yaratmışdı. Mən orada heyvanlar üçün evcikləri düzəltmişdim, orada yaşayırdılar. Bu gün də onların yeməklərini göndərirəm ki, ac qalmırlar. “Neftçi”də də pişiklər üçün şərait yaratmışam. Çox insan bu yaşımda belə bir işlə məşğul olduğumu anlamır, lakin mən bunu özümə borc bilirəm. Çünki heyvanlar heç kimdən kömək istəyə bilmir. Heyif ki, Azərbaycanda heyvansevər çox azdır, onlara qarşı sərt davrananlar az deyil.

– Evinizdə hansı heyvanları saxlayırsınız?

– 10 ildir ailəmizdə yaşayan itimiz var. Adı da Blitsdir, artıq ailəmizin bir üzvüdür. İş yerimdə də iki pişiyim var, ofisimdədir. Ümumən ay ərzində pul xərclədiyim 60-a yaxın heyvan var.

– Hansı heyvanı heç vaxt saxlamazsınız?

– İlanla işim yoxdur.

İdman.Biz