“Şükür, əməliyyatım yaxşı keçdi. Artıq bərpa prosesi keçirəm”.
Bunu sağ ayağının çarpaz diz bağlarından əməliyyat olunan “Kəpəz”in müdafiəçisi Məqsəd İsayev deyib.
O, tam sağlam şəkildə komandaya dönmək istədiyini bildirib.
“Tam sağlam şəkildə qayıtmaq istəyirəm. İstər-istəməz uzaqdan oyunları izləmək təsir edir. İstəyərdim ki, meydanda olum, komandama kömək edim”, - deyə o, futbolinfo.az-a açıqlamasında söyləyib.
Təcrübəli futbolçu komandasının son dörd turda üç məğlubiyyət almasına da münasibət bildirib: “Bu cür məğlubiyyətlər hər komandada olur. Əsas odur ki, bu cür hallardan yaxşı nəticə çıxarıb daha yaxşı oynayaq. Son turda çox vacib qələbə qazandıq. Düşünürəm ki, “Kəpəz” daha yuxarı pillələrə layiqdir. Bəzi oyunlarda xallar itirməsəydik, turnir cədvəlindəki mövqeyimiz daha yaxşı olardı”.
