Yuri Vernidub: “Mən gələndə liderlərlə aramızda xal fərqi böyük idi, indi azalıb” - MÜSAHİBƏ

18 Mart 2026 15:52
74
Yuri Vernidub: “Mən gələndə liderlərlə aramızda xal fərqi böyük idi, indi azalıb” - MÜSAHİBƏ

“Hələlik başqa yoxdur. Mənim görmək istədiyim oyunçular bura gəlməyəcək”.

Bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub ölkəsi Ukraynanın sport.ua-ya müsahibəsində deyib.

İdman.Biz həmin müsahibəni müəyyən ixtisarla diqqətinizə çatdırır.

Həmin müsahibəni təqdim edirik.

- Artıq yeni şəraitə öyrəşmisiniz? Azərbaycanda işləmək necədir?

- Əlbəttə, öyrəşmişəm. Səhər saat 7-də oyanıram, qəhvə içirəm, maşına minib bazaya gedirəm. Saat 8:00 - 8:30-da artıq orada oluram. Günümü səhərdən axşama qədər bazada keçirirəm. Günüm futbolla bağlı olur, yalnız axşam evə qayıdıram. Azərbaycanda işləmək hər yerdə olduğu kimidir. Futbol işi hər yerdə eynidir: maraqlıdır, eyni zamanda məsuliyyətlidir və özünəməxsus xüsusiyyətləri var. Hakimliyin daha yaxşı olmasını istərdim, amma olan budur. Əvvəlki oyunlardan birində özümü güclə saxladım ki, heç nə deməyim. Mənim üçün ən vacibi komandamın oynamasıdır. Qalanını başqaları şərh etsin.

- Siz zəngin tarixə malik və ölkənin ən titullu klublarından birinə rəhbərlik edirsiniz. Bu mövsüm çempionluq artıq real görünmür. Komandanın məqsədi nədir?

- Mən “Neftçi”yə komandanın nəticələrini yaxşılaşdırmaq və maksimum potensialını göstərmək üçün gəlmişəm. Yeni futbolçulardan heç kimi özüm gətirməmişəm. Mənə əvvəlki heyət qalıb. Deyə bilərəm ki, uşaqlar yaxşı hazırlaşıblar, texnikalı və sürətlidirlər. Medal şansları hələ də var, çünki qarşıda 10 oyun qalır. Axıra qədər mübarizə aparacağıq. Turnir cədvəlində mümkün qədər yuxarı qalxmaq və avrokuboklarda oynamaq istəyirik. Mən gələndə liderlərlə aramızda xal fərqi böyük idi, indi azalıb. Odur ki, mübarizə aparacağıq, zaman göstərəcək.

- Komanda ilə tez uyğunlaşa bildiniz?

- Şükürlər olsun ki, hər şey yaxşıdır. Oyunçular hər şeyi anlayır, tapşırıqları yerinə yetirirlər. Onların işə münasibəti xoşuma gəlir. Mövsümün sonunda nəticələrə baxacağıq.

- Məlum olduğu kimi, bizim həmyerlilərimizdən “Neftçi”də “Çernomorets”in sabiq futbolçusu Andrey Ştoqrin oynayır. Komandada ukraynalı legionerlərdən başqa kimsə də var?

- Hələlik başqa yoxdur. Mənim görmək istədiyim oyunçular bura gəlməyəcək. Onların yaxşı müqavilələri var və güclü klublarda oynayırlar. Təklif olunanları isə yaxşı tanıyıram, onlar mənə lazım deyil.

- Bir müddət əvvəl oğlunuz Vitali artıq məşqçi kimi fəaliyyətə başladı. O, necə işləyir?

- Hər şey yaxşıdır. O da “Neftçi”nin məşqçilər heyətində çalışır və işinin öhdəsindən tam gəlir.

- Həyat yoldaşınız sizinlədir?

- Bəli, Bakıda mənimlədir. Məni gözləyir, yemək hazırlayır. Həmişə evdə nahar edirəm. Lesya ilə birlikdə oturub söhbət edirik, sonra dincəlirik. O da burada özünü yaxşı hiss edir. Bakı sakit və gözəl şəhərdir, gəzməyə vaxt tapır.

- Vətəninizdəki hadisələri izləməyə vaxt tapırsınız?

- Əlbəttə. Hər gün Ukraynadan xəbərləri oxuyuruq. Çox ağrılıdır. Bu mənasız müharibə çox kədər gətirdi. Qardaşım oğlu artıq 2 ildir döyüşür. Drujkovka, Konstantinovka bölgəsində vəziyyət çox ağırdır. Daim əlaqədəyik. Bu yaxınlarda öyrəndim ki, ön cəbhədə maşınlarını vurublar. Onlara “Nissan Navara” pikap alıb göndərdim. Şükür ki, çatıb, hər şey qaydasındadır.

İdman.Biz